Kaxaber Sxadadze: “Xəzər Lənkəran” azarkeşlərindən üzr istəyə bilərəm
24.08.2010 - 12:31
Kaxaber Sxadadze: “Xəzər Lənkəran” azarkeşlərindən üzr istəyə bilərəm
“İlya Kandelakinin yıxıldığı epizodda oyunu dayandırmaq lazım idi. Amma rəqib futbolçular bunu etmədilər”. Apasport.az saytının məlulumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kxaber Sxadadze deyib.

Gürcüstanlı mütəxəssis Unubank Premyer Liqasının III turunda “Xəzər Lənkəran”la matçda baş verənlərə aydınlıq gətirib: “Bəla onda idi ki, lənkəranlıların məşqçisi futbolçumuzun ünvanına ədəbsiz ifadələr işlətdi, simulyant adlandırmaqla onu təhqir etdi. Təbii ki, məşqçilərinin davranışlarından azarkeşlər də futbolçumuzun simulyant etdiyini düşündülər. Lakin oyunsonrası mətbuat konfransında dedim ki, “Xəzər-Lənkəran”ın ən yaxşı, ən ədalətli və ən coşqun azarkeşləri var. Lənkəranda tribunları dolmuş meydançada oynamaq həmişə zövq verir. Ümid edirəm ki, onlar məsələni düzgün anlayacaqlar və həmin epizodu obyektiv qiymətləndirəcəklər”.

Sxadadze klubun saytına müsahibəsində bildirib ki, səhv edibsə, üzr istəməyə də hazırdır: “Əgər onlar hesab edirlər ki, mən doğru deyiləm, o zaman, üzr istəyə bilərəm. Lakin düşünmürəm ki, onları təhqir etmişəm. Axı, biz hamımız - futbolçular və məşqçilər azarkeşlər üçün oynayır və qələbə qazanırıq. Bu oyundur, bu futboldur - bütün bunlar onlar üçündür. Əgər onlara nəsə xoş gəlməyibsə, onların bunu demək hüquqları var. Yeganə xahişim budur ki, vəziyyəti dəqiq araşdırsınlar və orada həqiqətən də nə baş verdiyini öyrənsinlər”.

Qeyd edək ki, “Xəzər Lənkəran” və “İnter” arasında oyun 0:0 hesabı ilə başa çatıb.