Fariz Nəcəfov: Belə özbaşınalıq olmaz!
24.08.2010 - 14:39
Fariz Nəcəfov: Belə özbaşınalıq olmaz!
“İntizam Komitəsinin qərarları bizə qarşı haqsızlıqdır. Bununla bağlı apelyasiya şikayəti verəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib. O, AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında çıxarılan qərarlardan narazılığını ifadə edib.

Nəcəfov Unibank Premyer Liqasının III turunun “Bakı” ilə oyununda aldığı qırmızı vərəqə səbəbindən ağır cəza ilə üzləşən Lyubo Baranin və Milan Antiçlə bağlı çıxarılan qərarların düzgün olmadığını sübut etmək niyyətindədir: “Bütün klublara və futbolçulara münasibət eyni olmalıdır. Həm hakimlər, həm də İntizam Komitəsi hamıya eyni gözlə baxmalıdır. Yaxşı olar ki, hakimin işini müzakirə etsinlər. Hər iki futbolçumuzla bağlı çıxarılan qərarlar haqsızlıqdır”.

Nəcəfov AFFA-ya ünvanlayacaqları apelyasiya şikayəti ilə yanaşı, əllərində olan fakta da əsaslanır: “Elə bu gün apelyasiya verəcəyik. Bununla bağlı artıq göstəriş vermişəm. Milan Antiçin dişlərinin ekspertizasını da çıxarmışıq. Bunu da quruma təqdim edəcəyəm. Fabio Luis Ramimin onun ağzının üstünə dirsəklə vurdu. Vüsal Əliyevin buna göz yumması isə Anticin qırmızı vərəqə alması ilə nəticələndi: əvvəl oyunçumuza sarı göstərdi, ardınca qırmızı. Belə özbaşınalıq olmaz”.

Qeyd edək ki, İntizam Komitəsi Antiçi 6 oyunluq və 5000 manat, Baranini isə 3 oyunluq və 2000 manat məbləğində cəzalandırıb.