Ruslan Abışov: “İnter”lə qarşılaşmada xal fərqini artırmalıyıq
24.08.2010 - 14:55
Ruslan Abışov: “İnter”lə qarşılaşmada xal fərqini artırmalıyıq
“Hazırda milli komandanın düşərgəsindəyəm. Hər şey normaldır. Baş məşqçi Berti Foqts əsasən topla çalışmalara üstünlük verir”. Bu sözləri apasport.az saytına Azərbaycan yığmasının və “Neftçi” klubunun müdafiəçisi Ruslan Abışov deyib.

Paytaxt təmsilçisinin futbolçusunun II turda “Simurq”a qarşı oynamaması bir qədər gözlənilməz oldu. Ancaq məlum olub ki, Abışov zədəli olduğu üçün meydana çıxa bilməyib: “Zədəm var, müalicə olunuram. “Simurq”la matçı buraxmağım da sırf bununla bağlı idi. Hələ “Qarabağ”la oyundan sonra ayağım şişmişdi. Sonradan həkim bir qədər dincəlməyimi məsləhət gördü. Ancaq “İnter”lə oyuna hazıram”.

Hazırda son çempionla eyni sayda xal toplan və turnir cədvəlində ilk iki pilləni zəbt edən komandaların dueli barədə də danışan Abışov 3 xalı “Neftçi”nin qazanacağını iddia edib: “İnter”lə oyunda bir məqsədimiz var: qələbə qazanmaq. Onlarla bu turda xal fərqini artırmalıyıq. 3 xal bizim olacaq”.