“Çıxarılan qərar düzgün deyil, mənə qarşı ədalətsizlikdir”
24.08.2010 - 15:56
“Çıxarılan qərar düzgün deyil, mənə qarşı ədalətsizlikdir”
“İntizam Komitəsinin çıxardığı qərardan təxminən bir saat əvvəl xəbər tutdum. Bu düzgün qərar deyil, mənə qarşı ədalətsizlikdir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun serbiyalı legioneri Milan Antiç deyib.

AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında 6 oyunluq və 5 min manat məbləğində cəzalanan futbolçu ədalətsizlikdən şikayətçidir. O, Unibank Premyer Liqasının III turunun “Bakı” ilə oyununda rəqibin braziliyalı futbolçusu Fabio Luis Ramimin onu vurmasından narazıdır: “Bakı” ilə oyunu izləyənlər də görürdü ki, onların 20 nömrəli futbolçusu (Fabio Luis Ramim nəzərdə tutulur – red) imkan tapan kimi dirsəyi ilə məni vururdu. Sonradan meydana girməsinə baxmayaraq, 4 dəfə mənim üzümə dirsək atdı. Üçüncü belə hadisə lap ağır nəticələndi. Bir dişim qırıldı, beşi isə zədələnib. Matçdan sonra həkimə getdim. Dişlərimə 20 gün müalicə lazımdır. Hazırda heç nə yeyə bilmirəm. Yalnız şorba yeməyim mümkündür. Hələ 20 gün belə olacaq. Danışanda da əziyyət çəkirəm”.

Antiç meydanda üzləşdiyi kobudluğu izah etməyə söz tapmır: “Meydanda bu ağrılara dözüb, rəqibin kobudluğuna reaksiya vermədim. Axı mən bura dalaşmağa yox, futbol oynamağa gəlmişəm. Lakin az keçməmiş həmin 20 nömrəli oyunçu 4-cü dəfə dirsəyi ilə ağzıma vurdu. İndiyədək belə şey görməmişdim. O, hər dəfə vurur, lakin üzr də istəmirdi. Dördüncü epizodda hakim mənə yaxınlaşıb, sarı vərəqə verdi. Ardınca isə mənə qırmızı göstərdi. Heç nə başa düşmədim. Belə hakimlik olar? Mən onun köməkçisinə də ağzımı göstərdim ki, bax, ağzım qanın içindədir. Lakin onlar buna məhəl qoymurdular. Mən rəqibi belə vursaydım, qırmızı vərəqə alardım”.

Serbiyalı futbolçu meydan sahiblərinin 2:1 hesabı ilə qalib gəldiyi görüşün taleyinin penalti ilə həll olunmasına da münasibət bildirib: “Penaltiyə isə heç sözüm yoxdur. Belə epizodlara görə, 11 metrlik təyin edilsə hər matçda 15 penalti verilər”.

Qeyd edək ki, “Bakı” – “Qəbələ” matçını Vüsal Əliyev idarə edib.