Türkiyəli futbolçu “Neftçi” klubundan getməsinin səbəbini açıqladı
25.08.2010 - 10:06
Türkiyəli futbolçu “Neftçi” klubundan getməsinin səbəbini açıqladı
Bakının “Neftçi” klubunun sabiq futbolçusu Levent Kartopun paytaxt təmsilçisindən qovulmasının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, hazırda “Dənizlispor”da forma geyinən 31 yaşlı futbolçu flaqmanda oynadığı vaxt tam motivasiya olunmadığını etiraf edib.

O, Türkiyə mətbuatına verdiyi açıqlamada yalnız bir klubda matçlara tam kökləndiyini açıqlayıb. Bu komanda isə təbii ki, “Neftçi” deyil: “Yaşımın neçə, formamın hansı səviyyədə olmasından asılı olmayaraq, öz doğma yurdumun, elimin komandasında daha həvəslə oynayıram. Doğma klubda motivasiyam da böyük olur. “Dənizlispor”da kapitan sarğısını da mənə verdilər. Bu isə məsuliyyətimi daha da artırır. Hər matçda komanda yoldaşlarımdan artıq mübarizə aparmalıyam”.

Qeyd edək ki, “Neftçi”nin sabiq baş məşqçisi Hans-Yurgen Gede narazı olduğu legioneri əvvəl məşqlərdən kənarlaşdırıb, sonra isə transferə çıxarılmasına səbəb olub.