Mundialın mükafatçısı Azərbaycana qarşı oynamayacaq
25.08.2010 - 10:50
Mundialın mükafatçısı Azərbaycana qarşı oynamayacaq
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığması itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Bundestimin baş məşqçisi Yoahim Löv Arne Fridrixin xidmətindən məhrum olub.

Bunun səbəbi 31 yaşlı müdafiəçinin onurğa sütununda yırtığın əmələ gəlməsidir. Arnenin çıxış etdiyi “Volfsburq” klubu arxa xətt oyunçusunun əməliyyatının qaçılmaz olduğunu açıqlayıb. Bu isə o deməkdir ki, Fridrix qeyri-müəyyən müddətə sıradan çıxıb. Arne yığmanın sentyabr və oktyabrda baş tutacaq görüşlərini də buraxmaq məcburiyyətindədir. Sentyabrın 3-də Belçika, 4 gün sonra isə Azərbaycan millisi ilə görüşəcək Almaniya yığması oktyabrda Türkiyə və Qazaxıstan ilə üz-üzə gələcək.

Qeyd edək ki, Fridrix Bundestimin heyətində 2006 və 2010-cu illərdə dünya çempionatının bürünc, 2008-ci ildə isə Avropa birinciliyinin gümüş medalının sahibi olub.