Nodar Məmmədov: Toni Adams mənə böyük etimad bəsləyir
25.08.2010 - 13:25
Nodar Məmmədov: Toni Adams mənə böyük etimad bəsləyir
“Məşqlər elə də ağır keçmir. Topla çalışırıq. Baş məşqçi əsasən fiziki hazırlığa üstünlük verir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının avqustun 23-dən başlayan təlim-məşq toplanışında iştirak edən “Qəbələ” klubunun futbolçusu Nodar Məmmədov deyib.

Bir müddət milli komandaya dəvət almayan gənc müdafiəçi yenidən Berti Foqtsun etimadını qazanmağa çalışır. 22 yaşlı futbolçu təlim-məşq toplanışı ilə bağlı fikirlərini bildirərkən məşqlərdə Almaniya ilə oyunun hazırlığını keçdiklərini bildirib: “Baş məşqçimiz Berti Foqts komandanı Almaniya ilə oyunda oynayacağımız taktika üzərində çalışdırır. Fiziki hazırlıqla yanaşı, almanlarla oyunun hazırlığını keçir”.

Məmmədov komandasının Unibank Premyer Liqasının ilk 3 turunda qələbə qazana bilməməsinə də aydınlıq gətirib: “İlk üç oyunda qələbə qazana bilməsək ki, komanda olaraq ruhdan düşmürük. Əsas çatışmayan cəhət kimi, futbolçuların bir-birilərinə tam uyğunlaşmadığını deyə bilərəm. Məncə, sonuncu “Bakı” ilə görüşdə oyunumuz pis alınmadı. Artıq yavaş-yavaş öz oyunumuzu tapmışıq”.

Olimpiya yığmamızın kapitanı olan Məmmədov baş məşqçi Toni Adamsdan narazılığını da dilə gətirib: “Adams mənə böyük etimad bəsləyir. İlk 3 oyunda əsas heyətdə əvəzlənmədən oynamışam. Ancaq bir məsələ var ki, öz oyunumu oynaya bilmirəm. Çünki məni yanlış mövqedə oynadır. Mən müdafiəçi kimi püxtələşmişəm. Ancaq baş məşqçimiz məni yarımmüdafiəçi kimi oynadır. Təbii ki, bu da oyunuma müəyyən mənada öz təsirini göstərir”.

Gənc futbolçu bununla bağlı Toni Adamsla danışdığını və baş məşqçinin belə istədiyini sözlərinə əlavə edib: “Toni Adams hələlik istədiyi taktikanı komandaya aşılaya bilməyib. Özü deyib ki, bu, 3-4 oyunun işi deyil. Bunun üçün müəyyən qədər vaxta ehtiyacımız var. Mənim oynadığım mövqeyə gəlincə, özü bildirib ki, çıxışım onu qane edir. Ona görə də məni yarımmüdafiədə oynadır”.