“Tvente”: Cavadovun harada oynayacağını heç kim bilmir
25.08.2010 - 14:00
“Tvente”: Cavadovun harada oynayacağını heç kim bilmir
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun karyerasını harada davam etdirəcəyi ilə bağlı sual hələ də qaranlıq qalır. Apasport.az saytının məlumatına görə, müqavilə ilə hələ 3 il də Hollandiyanın “Tvente” klubuna məxsus olan 21 yaşlı hücumçu yeddi aydır sıralarında olduğu komandada artıq “18-liy”ə düşə bilmir.

Adı gündə bir klubla hallanan Cavadov Rusiyanın “Krılya Sovetov”, “Amkar”, “Saturn” kimi komandaların da maraq dairəsində olub. Lakin transfer pəncərəsinin bitməsinə bir həftədən az qalsa da Vaqifin harada oynayacağına hələ də aydınlıq gəlməyib.

Maraqlıdır ki, “Tvente” rəsmiləri də həmyerlimizin qalıb-qalmayacağı ilə bağlı suala cavab verən tapılmır. Klub rəsmisi Riçard Peters apasport.az saytına açıqlamasında Cavadovla bağlı qeyri-müəyyənliyin davam etdiyini bildirib: “Vaqif Cavadov hal-hazırda “Tvente”nin futbolçusudur. Onun gələcəyi ilə bağlı suala isə cavab verə bilmərik. Yəni, Vaqifin harada oynayacağını heç kim bilmir”.

Qeyd edək ki, Cavadov debüt etmədiyi “Tvente”nin heyətində Hollandiya çempionu olub.