Əfran İsmayılovun könlündəki qələbə
25.08.2010 - 23:05
Əfran İsmayılovun könlündəki qələbə
“Müalicəm davam edir. 3 gün ərzində yığmanın almaniyalı həkimi üzərimdə müalicə aparacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Unibank Premyer Liqasının I turunda “Neftçi” ilə oyunda zədələndikdən sonra cərrahiyyə əməliyyatı olunan futbolçu hazırda Bakıdadır. Yığmanın düşərgəsində olan yarımmüdafiəçinin müalicəsini millinin həkimləri aparır. İsmayılov gələn ay yenidən Türkiyəyə yollanacaq: “Sentyabrın 6-da Türkiyəyə, müayinə olunmağa yollanacağam. Təxminən ay yarımdan sonra yüngül qaçışa başlayacam. Yaşıl meydanlara isə 4 aydan tez dönməyəcəm”.

Həkimlər futbolçuya çox gəzməyə icazə verməsələr də, Əfran Avropa Liqasının pley-off matçında “Borussiya” ilə qarşılaşacaq “Qarabağ”ın oyununu stadiondan izləyəcək. Nəticə barədə proqnoz vermək istəməyən yarımmüdafiəçi heç-heçəyə sevinəcəyini vurğulayıb: “Heç-heçə qeydə alınsa, buna sevinəcəyəm. Təbii ki, könlümdən “Qarabağ”ın qələbəsi keçir. Bu baş versə, daha çox sevinərəm. Qaldı ki, qrup mərhələsinə düşmək, “Borussiya” kimi komanda ilə oyunda 0:4 hesabını aradan götürmək olduqca çətindir. Ancaq ümid sonda ölür. Bu, futboldur və bəzən gözləmədiyin hesabla qarşılaşırsan”.