“Transfer qovuna bənzər, kəsib içinə baxmadan nə olduğu bilinməz”
25.08.2010 - 23:22
“Transfer qovuna bənzər, kəsib içinə baxmadan nə olduğu bilinməz”
“Barselona”nın tarixində ən bahalı transferini gerçəkləşdirərək "İnter"dən satın aldığı Zlatan İbrahimoviç komandanı tərk edə bilər. Apasport.az saytının xəbərinə görə, katalon klubu ilə "Milan" arasında danışıqlar başlanıb. "Barselona"nın banisi, 5 dəfə klubun prezidenti seçilmiş Xuan Qamperin xatirəsinə təşkil edilmiş matç üçün "Nou Kamp" stadionuna çıxan "Milan"ın rəhbərləri İbrahimoviçlə bağlı müzakirələr aparıldığını təsdiqləyiblər.

"Barselona"nın prezidenti Sandro Rossel və "Milan"ın vitse-prezidenti Adriano Qallianinin başçılıq etdiyi heyətlər İbrahimoviçin transfer qiymətini razılaşdıra bilmirlər. Samuel Eto’O və 50 milyon avro müqabilində "İnter"dən alınmış İbrahimoviç "Barselona" ilə 5 illik müqavilə imzalayıb. Anlaşmanın şərtlərinə görə, Katalon klubu isveçli forvarda ildə 12 milyon avro maaş verir.

İbrahimoviçlə baş məşqçi Xosep Qvardiola arasındakı münasibətlərin gərildiyi də iddia olunur. İspaniya mediasında yer alan xəbərlərə görə, futbolçu baş məşqçiyə deyib: "Meydanda Messini oynatmağa üstünlük verirsən. Bundan sonra mənə boş vədlər verərək aldatmağa səy göstərmə".

Lakin Qvardiola bu iddiaları rədd edib: "Eto’Onun komandadan uzaqlaşdırılması və onun yerinə Zlatan İbrahimoviçin satın alınmasına əsla təəssüflənmirəm. Ümumiyyətlə, transfer qovuna bənzər. Kəsib içinə baxmadan nə olduğu bilinməz".