Raykaard təzminat ucbatından qovulmur
25.08.2010 - 23:29
Raykaard təzminat ucbatından qovulmur
Türkiyə Superliqasının ötən turunda "Bursaspor"a acı məğlubiyyətə rəğmən, "Qalatasaray" rəhbərliyinin baş məşqçi Frank Raykaardı cəzalandırılmamasının səbəbi bəlli olub. Çətin qarşılaşmadan sonra azarkeşlərin etirazlarını qəbul etməyən vitse-prezident Mehmet Helvaçının dediyinə görə, uğursuzluq baş məşqçi Raykaard və texniki heyətin günahı deyil. Dünənsə bəlli olub ki, Raykaardın özünü belə rahat hiss etməsinin başlıca səbəbi onun "Qalatasaray"la imzaladığı müqavilədir.

Həmin anlaşmanın şərtlərinə görə, komanda hollandiyalı çalışdırıcı ilə sənəddə göstərilmiş vaxtdan əvvəl yollarını ayırmaq fikrinə düşərsə, onda Raykaarda 5 milyon avro təzminat ödəməlidi.

Ötən mövsümü pis sonucla başa vuran "Qalatasaray"ın yeni mövsümdə "Bursaspor"a məğlubiyyətlə yanaşı, səfərdə "Sivasspor"a uduzması və Avropa Liqasında Ukraynanın "Karpatı" (Lvov) klubu ilə matçı bərbadcasına başa vurması rəhbərliyin sinirlərini tarıma çəkib. Lakin çıxış yolu arayışları çətinləşib. Çünki anlaşmasının vaxtı mövsümün sonunda başa çatacaq Raykaard həmin dönəmədək vəzifəsindən kənarlaşdırılarsa, təzminat qismində 3,5 milyon avro alasıdı. Bununla yanaşı, hollandiyalı çalışdırıcı 3 nəfərlik texniki heyətinə görə də təzminat tələb edəcək. Belə ki, Raykardın yardımçıları Yohan Heeskens, Roha Puyol və Karlos Albertodan ibarət texniki heyətə 1,5 milyon avro məbləğində təzminat ödənməlidi.