AFFA milli komandanın fəaliyyətini dayandırdı
26.08.2010 - 14:56
AFFA milli komandanın fəaliyyətini dayandırdı
Qadınlardan ibarət Azərbaycan milli komandasının fəaliyyəti dayandırılıb. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsinin oyunları başa çatan kimi AFFA yığmanın fəaliyyətinə xitam verib.

Buna bir sıra məqamlar təsir edib. Yığmanın son 4 səfər oyununda futbolumuzu biabır edib, üst-üstə 54 qol buraxması, komandanın baş məşqçisiz çıxış etməsi (Şamil Heydərov bu vəzifələri icra edir), ölkədə qadın futbol klublarının və onların çempionatının olmamağı da buna təsir edib.

Düzdür, “lipa” futbolçularla bağlı məlum hadisələrdən sonra AFFA rəhbərliyi dünya çempionatının Avropa zonasının qrup mərhələsi çərçivəsində yığmamızın sona qədər mübarizə aparmasına da şərait yaratdı. Heyətin yenilənməsindən sonra millimizin nəticələri ürəkaçan olmasa da, komandamız bütün görüşlərə qatılıb.

Qrup mərhələsi başa çatdıqdan sonra AFFA qərara alıb ki, ölkəmizdə qadın futbolunun inkişafını sağlam təməl üzərində qurmaq və yeni futbolçu nəslinin yetişdirilməsi məqsədilə qadınlardan ibarət milli komandanın Avropa və Dünya Çempionatlarının seçmə mərhələlərində iştirakı müvəqqəti olaraq dayandırılsın.

Bununla bağlı FİFA və UEFA-ya müraciət olunub.