Mahir Şükürovun milli komandaya gəlməsində problem yaranıb
26.08.2010 - 16:40
Mahir Şükürovun milli komandaya gəlməsində problem yaranıb
“Sibir”in avrokuboklarda çıxış etməsi üzündən oyunumuzun bir gün sonraya keçirilməsini başa düşürəm. Lakin bu, bizə əlavə çətinlik yaradır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Anji” klubunun baş məşqçisi Hacı Hacıyev deyib.

Təcrübəli mütəxəssis Premyer Liqanın növbəti turu ərəfəsində üzləşdikləri problemi açıqlayıb. Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun da şərəfini qoruduğu Mahaçqala təmsilçisinin çalışdırıcısı məhz yığma üzvləri ilə bağlı problemlə üzləşib: “Komandamızda 4 yığma üzvü var. Bunlar Azərbaycandan Şükürov, Latviyadan Klyava, Moldovadan Josan və Gürcüstandan Revişvilidir. UEFA-nın əsasnaməsinə görə, yığmaların oyun günü sentyabrın 3-dür. Həmin oyunçuların avqustun 30-dan gec olmamaq şərtilə buraxmağımız haqda xahiş məktubu da almışıq. Lakin indi oyunumuz avqustun 29-dan 30-a təxirə salınıb. Bizim klubun rəhbərliyi də Rusiya Futbol İttifaqı və Rusiya Futbol Premyer Liqasına müraciət edib. Qoy onlar həmin yığmaların federasiyaları ilə məsələni yoluna qoysunlar. Əgər razılıq əldə olunmasa, məsələ pul cərimələrinə məruz qalmağımıza qədər gedib çıxa bilər”.

Qeyd edək ki, “Sibir” PSV ilə Hollandiyadakı oyununu bu gün keçirdiyindən “Anji” ilə görüşünün vaxtı avqustun 29-dan 30-na təxirə salınıb.