Çempionlar Liqasının ən yaxşıları
26.08.2010 - 21:32
Çempionlar Liqasının ən yaxşıları
Çempionlar Liqasında 2009/10 mövsümünün ən yaxşılarının adları məlum olub. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu turnirinin püşkatması zamanı həmin laureatların mükafatlandırılması da gerçəkləşib.

Dünya çempionu - ispaniyalı Xerard Pike (“Barselona”), həmçinin braziliyalılar Maykon və Lusiu (hər ikisi “İnter”, İtaliya) ən yaxşı müdafiəçi adına namizədlər olublar. Almaniya yığmasının sabiq müdafiəçisi, əfsanəvi Andreas Bremenin təqdim etdiyi mükafat Maykona nəsib olub. 3 ay əvvəl Çempionlar Liqasının qalibi olan arxa xətt oyunçusu fərdi mükafata da sahib çıxıb.

Onun komanda yoldaşı Uesli Sneyder isə yarımmüdafiəçilər arasında birinci yeri tutub. Hollandiyalı orta sahə oyunçusu Xavi (“Barselona”, İspaniya) və Aryen Robbeni (“Bavariya”, Almaniya) qabaqlayaraq, Canfranko Dzolanın təqdim etdiyi mükafatı qazanıb.

Ole-Qunnar Sulşer isə ən yaxşı hücumçunu mükafatlandırıb. “Mançester Yunayted” klubunun sabiq ulduzu Lionel Messi (“Barselona”, İspaniya) və Ueyn Runini (“Mançester Yunayted”, İngiltərə) arxada qoyan Dieqo Militonu (“İnter”, İtaliya) sevindirib. Argentinalı həm də yarışın ən yaxşı futbolçusu adına layiq görülüb. Milito bu mükafatı UEFA prezidenti Mişel Platinidən alıb.

Qeyd edək ki, püşkatma zamanı verilən ilk mükafat ən yaxşı qapıçısı seçilən Julio Sezara verilmişdi. Bu isə o deməkdir ki, Çempionlar Liqasının son qalibinin üzvləri bütün fərdi mükafatları da ələ keçiriblər.