Qurban Qurbanov: Həm fiziki, həm də psixoloji cəhətdən çox yorulmuşuq
26.08.2010 - 22:54
Qurban Qurbanov: Həm fiziki, həm də psixoloji cəhətdən çox yorulmuşuq
“Məğlub olsaq da, futbolçularıma təşəkkür edirəm. Onların hamısı qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Ən çox isə sonadək mübarizə aparmalarından razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Almaniya “Borussiya” klubuna uduzan Ağdam təmsilçisinin 38 yaşlı çalışdırıcısı nəticəyə üzüldüyünü vurğulayıb: “Təəssüf ki, oyunun başa çatmasına az qalmış, son saniyələrdə qol buraxdıq. Belə uduzmaq istəməzdik. Artıq avrokuboklardakı çıxışımızı başa vurduq. Artıq bütün fikrimizi Premyer Liqaya yönəltməliyik. Bizim oyunlarımızı təxirə saldıqları üçün PFL-ə təşəkkür edirəm. Hələ çempionata tam hazır deyilik. Bundan sonra daha yaxşı hazırlaşıb, oyunlara köklənməyə çalışacağıq”.

Qurbanov ardıcıl iki oyundur məğlub olan yetirmələrinin psixoloji cəhətdən yorulduğunu düşünür: “Borussiya” gənc futbolçulardan qurulsa da, fiziki cəhətdən daha güclü komandadır. Düşünürəm ki, belə komanda ilə bir də qarşılaşsaq daha yaxşı oyun göstərəcəyik. Hamı böyük turnirlərdə oynamağı arzulayır. Lakin reallıqları da nəzərə almağımız lazımdır. Berti Foqtsun futbolçularımız haqda fikirlərinə gəlincə, biz təkcə fiziki yox, həm də psixoloji cəhətdən çox yorulmuşuq. Mən “Bakı” ilə də da oynamağımızı istəyirdim. Amma məhz bu məğlubiyyəti tam unutmaları üçün istirahətə ehtiyac duydum. Məncə, bunun milli üçün də müsbət təsiri olacaq”.

Qeyd edək ki, Dortmundda “Borussiya”dan 4 cavabsız qol buraxan “Qarabağ” Bakıdakı görüşdə minimal hesabla uduzub.