“Fənərbaxça”da sular bulanıb
27.08.2010 - 23:18
“Fənərbaxça”da sular bulanıb
Avropa Liqasında Yunanıstanın PAOK klubuna uduzaraq turniri tərk edən "Fənərbaxça"da vəziyyət çətinləşib. Apasport.az saytının xəbərinə görə, komandanın oyunçusu Gökhan Könül və qapıçı Volkan Dəmirəl zədələnib. Müayinədən keçən Könülün müalicə-bərpa prosesinin ən azı üç-dörd həftə davam edəcəyi bildirilir.

Volkan Dəmirəl Avrola Liqasında PAOK-a məğlubiyyətə çox təəssüflənir. Onun dediyinə görə, zədəli olsa da, matça çıxdı və oynadı - fəqət, klub istənilən nəticəni əldə edə bilmədi: "Yaxşı oynamırıq. Heyətimizdə istedadlı və bacarıqlı futbolçular çoxdu, amma hələ də kollektiv oyun nümayiş etdirən komanda, meydanda hər kəsin bir-birini gözəl anladığı heyət ola bilməmişik. Məğlubiyyətə görə də nə isə demək istəmirəm. Çünki nə desəm, kimlərisə təmin etməyəcək. Yunanları məğlub etməli, PAOK-u üstələməliydik. Çempionlar Liqasına qatıla bilmədik, heç olmasa Avropa Liqasında oynamalıydıq. İndi məqsədimiz Superliqa və Türkiyə kubokunda qalib gəlməkdi".

"Fənərbaxça"nın həkimləri isə bildiriblər ki, ayağındakı zədədən dolayı Volkan Dəmirəl ən azı 2-3 həftə meydanlardan kənar qalıb müalicə almalıdı.

Ümumiyyətlə isə, baş məşqçi postuna Aykut Kocaman təyin ediləndən bəri "Fənərbaxça"da sular durulmur. Klub cari mövsümdə qatıldığı 6 matçın yalnız birində qalib gəlib, 3 oyunda uduzub, 2 qarşılaşmanı bərabərliklə başa vurub. Çempionlar Liqasının III mərhələsinin ilk turunda İsveçrənin "Yanq Boys"u ilə səfərdə oyunu 2:2 başa vuran komanda "Şükrü Saracoğlu" stadionunda rəqibə 0:1 məğlub oldu. Avropa Liqasının pley-off turunda isə Yunanıstanın PAOK-una səfərdə 0:1 yenilən "Fənərbaxça" İstanbulda oynanan cavab matçını 1:1 hesabla başa vurdu. Superliqada isə ilk turda "Antalyaspor"u 4:0 məğlub edən "Fənər" 2-ci turda səfərdə "Trabzonspor"a qarşı oynadığı matçda 2:3 uduzub.