Vaqif Cavadovun “Tvente”dən getməsinə icazə verildi
28.08.2010 - 13:00
Vaqif Cavadovun “Tvente”dən getməsinə icazə verildi
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun “Tvente” karyerası başa çatıb. Apasport.az saytının Hollandiya mətbuatına istinadən məlumatına görə, 21 yaşlı hücumçu 7 aydır sıralarında olduğu Enshede təmsilçisinə lazım olmayıb.

“Transfer pəncərəsi”nin bitməyinə 3 gün qalmış Hollandiya çempionu lazımsız oyunçularının taleyinə aydınlqı gətirib. Holland həmkarlarımız Mişel Pryudomun ehtiyac duymadığı Cavadovun komandadan kənarlaşdırıldığını iddia edir: Aleksandr Bannink və Andrey Rendla başqa klublara icarəyə verilib. Digər 3 futbolçu – Vaqif Cavadov, Bernard Parker və Devid Karniyə isə getməyə icazə verilib.

Klubun rəsmi internet saytı məsələ ilə bağlı hər hansı məlumat yaymayıb. Mətbuatdakı informasiyaya əsasən isə Cavadovun transferə çıxarıldığı, yoxsa azad agent statusu ilə kənarlaşdırıldığı dəqiq bilinmir.

Qeyd edək ki, Vaqif yanvarda 3,5 illik müqavilə bağladığı “Tvente”nin əsas heyətində debüt edə bilməyib. Onun adı heç klubun iştirak ərizəsində də yer almayıb.