“Bakı”da ilk fransız
01.09.2010 - 10:39
“Bakı”da ilk fransız
“Bakı” klubunun yay transfer dövründə sonuncu yeni futbolçusu fransalı olub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi “Mets”dən müdafiəçi Stefan Borbikonini heyətinə cəlb edib.

İtalyan əsilli 31 yaşlı legionerlə iki illik müqavilə imzalanıb. Borbikoni 1999-cu ildə karyerasını başladığı, daha çox bağlı olduğu “Mets”də 134 oyuna 12 qol vurub. 2006-cı ildə Türkiyəyə gələn Stefan “Manisaspor”da 3 ildə 46 oyun keçirib və 2 qol vurub.

“Mets”ə ötən il qayıdan Borbikoni Fransanın II divizionunun iştirakçısı olub. Avropa mənbələrində “Bakı”nın Stefanı iki illiyə icarəyə götürdüyü qeyd olunur. Borbikoni “zolaqlılar”ın tarixinə ilk fransalı futbolçu kimi düşüb.

Qeyd edək ki, müdafiəçi axtarışında olan “Bakı” braziliyalı Julio Sezarı transfer etmək fikrində olsa də, sonda tərəflər arasında razılıq əldə olunmadı.