“Borussiya” və PFL “Qarabağ”ı 22 pillə aşağı yuvarladı
02.09.2010 - 10:01
“Borussiya” və PFL “Qarabağ”ı 22 pillə aşağı yuvarladı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı klublarının növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, planetin ən güclü 350 komandası arasında yeganə Azərbaycan təmsilçisi olan “Qarabağ” 211-ci pillədə qərarlaşıb. Bir ay əvvəlki ilə müqayisədə 22 pillə geriləyən Qurban Qurbanovun yetirmələrinin hesabında 84 xal var.

“Qarabağ”ın geriləməsində avrokuboklardakı uğursuz çıxış, həmçinin PFL-in onların oyunlarını təxirə salması səbəb olub. Belə ki, avqustda cəmi 5 matç keçirən ağdamlılar vur-tut 2 qələbə qazanıb. Avropa Liqasında “Visla”nı (Polşa) 3:2 hesabı ilə məğlub edib, Almaniya “Borussiya”sından 2 matça 5 cavabsız qol buraxan (0:4, 0:1) “Qarabağ” ölkə çempionatında 2 dəfə meydana çıxmışdı.

“Neftçi” ilə heç-heçə (1:1) və MOİK üzərində qələbə (1:0) sayəsində hesabına xal yazdıran Ağdam klubu təxirə salınan “Gəncə” və “Bakı” ilə qarşılaşmalarda həm xal, həm mövqeyini yaxşılaşdıra bilərdi.

Siyahıya 293 xalla “İnter” (İtaliya) başçılıq edir. İlk “üçlük”də yer alan “Barselona”nın (İspaniya) 283, “Bavariya”nın (Almaniya) 253 xalı var.