Yığmamızın darmadağın etdiyi “Pas”
02.09.2010 - 11:00
Yığmamızın darmadağın etdiyi “Pas”
Avro-2012-nin seçmə mərhələsində keçirəcəyi ilk oyuna hazırlaşan Azərbaycan millisi Almaniyadakı təlim-məşq toplanışı çərçivəsində yerli “SV Rust” klubu ilə qarşılaşıb. Apasport.az saytı yığmamızın 4:0 hesabı ilə məğlub etdiyi bu komandanın kimliyinə aydınlıq gətirib.

Tam adı “Sport Verein Rust” olan bu klubdan 2 dənədir. Biri qonşu Avstriya, digəri isə Almaniyada. Dilləri, əksər ənənələri eyni olan qonşu ölkələrdə eyniadlı komandaların olması heç də təəccüblü deyil. Maraqlıdır ki, adaşların hər ikisi “eyni gündədir”. Yəni, hər iki komanda aşağı dəstələrdə “istirahət edir”.

“Rust” sözü alman dilindən tərcümədə “pas” mənasını verir. Elə millimiz baş məşqçi Berti Foqtsun həmyerliləri ilə matçda asan qələbə qazana bilib – 4:0.

Eyniadlı şəhəri təmsil edən bu komanda Almaniyanın “Verbandsliqa Süd-Baden” liqasında mübarizə aparır. Baden əyalətinin birinciliyi sayılan bu yarış ölkənin 6-cı dəstəsi sayılır. Bundesliqa (18 komanda), II bundesliqa (18 komanda), III liqa (20 komanda), Regionalliqa (3 zonada üst-üstə 54 komanda) və Oberliqa (11 zona, 198 komanda) adlanan dəstələrdən sonra gələn 6-cı liqada isə 33 zona var.

Bu isə o deməkdir ki, Almaniyanın ən yaxşı 308 komandası sırasına düşmək üçün mübarizə 33 müxtəlif bölgədə, o cümlədən, Cənubi Badendə keçirilir. Elə “SV Rust” da burada çıxış edir.