Məmmədov Məmmədova güvənir - FOTO
02.09.2010 - 14:57
Məmmədov Məmmədova güvənir - FOTO
“Hazırlığımız yaxşı gedir. Uşaqlar məşqlərdə canla-başla çalışırlar ki, Albaniya ilə qarşılaşmada 9 illik qələbəsiz oyunlar seriyasına son qoyaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın və 21 yaşadək futbolçulardan ibarət milli komandamızın qapıçısı Aqil Məmmədov deyib.

“Bakı”dakı oyunu ilə olimpiya millimizə dəvət alan gənc “əlcək sahibi” U-21-in qarşıdakı Albaniya ilə görüşünə dönüş nöqtəsi kimi baxır. O, əsas milli komandanın üzvləri olan Elvin Məmmədovla Cavid Hüseynovun U-21-ə xeyir verəcəyini düşünür: “Albaniya ilə oyunda son anadək mübarizə aparıb qələbə qazanacağıq. Məncə, əsas milli komandanın oyunçuları olan Elvin Məmmədovla Cavid Hüseynovun bizə böyük köməkliyi olacaq. Hər ikisinin beynəlxalq oyun təcrübəsi var, lider xüsusiyyətinə malik futbolçulardır. İnanıram ki, öz oyunlarını göstərib Albaniya ilə matçda qələbə qazanmağımızda rol oynayacaqlar”.

“Albaniya ilə oyunda qapını sizmi qoruyacaqsınız” sualına isə Məmmədov belə cavab verib: “Qapıda mənim duracağım bilinmir. Baş məşqçi Bernard Lippert kim hazırdırsa, ona da start heyətində şans verəcək”.