“Bakı”nın futbolçusu Afrikada da bəyənildi
02.09.2010 - 16:59
“Bakı”nın futbolçusu Afrikada da bəyənildi
“Bakı” klubunun futbolçusu Dare Nibombenın şərəfini qoruduğu Toqo yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, final mərhələsi 2012-ci ildə keçiriləcək Afrika Millətlər Kubokunun seçmə mərhələsinin Botsvana ilə səfər oyununa hazırlaşan toqoluların baş məşqçisi Terye Froger təlim-məşq toplanışının gedişində heyətə “əl gəzdirib”.

O, iki məşqdən sonra hazırlığa dəvət olunan 23 futbolçudan 5-nin adının üstündən xətt çəkib. Bununla da “18-liy”i müəyyənləşdirən mütəxəssis kimlərə güvənəcəyini göstərib. “Bakı”nın müdafiəçisi seçimdən üzüağ çıxıb və heyətdə qalanlar sırasında olub. İndi Dare sentyabrın 3-də keçiriləcək Botsvana ilə qarşılaşmada toqolulara kömək etməyə daha yaxındır.

Qeyd edək ki, seçmə mərhələnin K qrupunda yer alan Toqo yığması Tunis, Botsvana, Malavi və Çad milliləri ilə mübarizə aparmalıdır. Darenin komandası artıq iki oyun keçirsə də, hələ də qələbəyə həsrətdir. Toqolular səfərdə Çad, evdə isə Malavi ilə heç-heçə ediblər – müvafiq olaraq, 2:2 və 1:1.