Miroslav Kloze: Bizi Azərbaycan yığması ilə asan oyun gözləmir
03.09.2010 - 09:56
Miroslav Kloze: Bizi Azərbaycan yığması ilə asan oyun gözləmir
“Dünya çempionatı əla idi, ancaq o, qurtardı. İndi gələcəyə baxmalıyıq. Bizi Belçika və Azərbaycanla heç də asan olmayan oyunlar gözləyir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniya milli komandasının bombardiri Miroslav Kloze deyib.

Dünya çempionatları tarixində vurduğu qolların sayına (14) görə yalnız braziliyalı həmkarı Ronaldodan (15) geri qalan Polşa əsilli hücumçu yığmamızın da qapısına yol tapıb. Ötən seçmə mərhələdə Bakıdakı oyunda (2:0) son nöqtəni qoyan, Hannoverdəki görüşdə (4:0) dubl edən Klozenin ürəyindən yenə qol vurmaq keçir: “Belçika və Azərbaycanla oyunlarda 6 xal toplamalıyıq. Brüsseldəki qələbə bizə çox vacibdir. Bundan sonra evdə Azərbaycana qalib gəlməliyik. Qarşıdakı görüşdə qələbə qazanmaq üçün Almaniya yığmasında hər şey var”.

Klozenin sözlərinə görə, şəxsi statistika, yığma necə qol vurması onun üçün vacib deyil: “Əsas komandanın uğurudur. Əlbəttə, hücumçunun qarşısında qol vurmaq vəzifəsi qoyulur. Ancaq yalnız komandanın qələbə qazanması vacibdir. Kimin qol vurmasının isə heç bir fərqi yoxdur. Məni bütün karyeram boyu eqoizmdə günahlandırırlar. Ancaq sadəcə, oyun üslubum belədir”.