Türkiyə yığması Astanada xoşagəlməz halla üzləşdi
03.09.2010 - 21:17
Türkiyə yığması Astanada xoşagəlməz halla üzləşdi
Avro-2012-nin seçmə mərhələsinin A qrupunda Azərbaycan milli komandasının rəqiblərindən olan Türkiyə yığması problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, qrupumuzun açılış matçında Qazaxıstanın qonağı olan “ay-ulduzlular” hələ matç başlamamış çətin vəziyyətə düşüb.

Belə ki, Astana şəhərində keçirilən görüşü Qazaxıstan prezidenti Nursultan Nazarbayev də stadiondan izləyənlər sırasında olub. Elə bu səbəbdən də arenadakı təhlükəsizlik tədbirləri gücləndirilib. Türkiyəli qonaqlar da stadionun girişində müəyyən çətinlik yaşayıb.

Elə yığmanın özü də stadiona girərkən çətin vəziyyətdə qalıb. Təhlükəsizlik xidmətinin əməkdaşları başda TFF prezidenti Mahmud Özgənər olmaqla, Türkiyə yığmasının üzvlərinin üstünü axtarmaq istəyiblər. Təbii ki, qonaqların ürəyincə olmayıb. Futbolçularının müdafiəsinə qalxan baş məşqçi Qus Hiddink Rusiya yığmasında çalışdığı vaxt öyrəndiyi rus dilini işə salıb. Məhz onun bu dili SSRİ dönəmindən bilən qazaxıstanlılarla danışıqlarından sonra problem yoluna qoyulub.