“Ruslan Abışov zədəli olsa da, bunu bildirmirdi”
07.09.2010 - 11:32
“Ruslan Abışov zədəli olsa da, bunu bildirmirdi”
“Almaniya yığması ilə oyunda öz futbolçularımdan yaxşı oyun gözləyirəm. Düzdür, bildiyimizə görə, mərkəz müdafiəçi Ruslan Abışovun hələ də zədəsi var və onun bu gün meydana çıxması sual altındadır. Digər müdafiəçi, komandamızın kapitanı Rail Məlikovun xidmətindən istifadə oluna bilər. O, sabit oyunu ilə seçilir, son vaxtlar yaxşı təsir bağışlayır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

“Ağ-qaralar”dan milli komandamızın Avro-2012-nin seçmə mərhələsində Almaniya yığması ilə səfər oyununa 4 futbolçu - müdafiəçilər Ruslan Abışov, Rail Məlikov, yarımmüdafiəçilər Araz Abdullayev, Amit Quluzadə dəvət olunub. 21 yaşlılardan ibarət yığmamızda da cəlb olunan, klublarında daha çox ehtiyatda qalan Arazla Amitin meydana çıxmaq şansları azdır. Ən çox Abışova ümidlərimiz olsa da, onun yığmaya zədəli gəlməsi üzücü məqamdır.

Əsədovun sözlərinə görə, Ruslan köhnə zədəsi olsa da, bunu qabartmayaraq, meydana çıxıb, komandasına kömək istəyirmiş: “O, son vaxtlar yaxşı formada idi. Ancaq eyni zamanda köhnə zədəsi vardı və bunu bildirmirdi. Ruslanın qasıq nahiyəsində problemi vardı. Hər oyundan sonra həkim müayinəsindən keçirdi. “Qəbələ” ilə oyundan sonra hiss etdik ki, zədəsi ciddidir. Ancaq bununla belə, hər oyunda oynamaq istəyirdi. Abışev milli komandamızın da əsas futbolçularındandır. Yığmanın nümayəndələri ilə daim əlaqədə oluruq. Ruslanın millidə olduğu müddətdə həkimlər yoxlayaraq, zədəsinin olduğunu görmüşdülər. Bizdən xahiş etdilər ki, futbolçunu yığma naminə qoruyaq və bu səbəbdən son oyunlarda onu ehtiyatda saxladım. Yoxsa Abışovu çempionat oyunlarında meydana buraxmaq fikrində idim”.
0