Qurban Qurbanov: Az transfer etməyimizdə büdcəmizin də rolu var
07.09.2010 - 13:57
Qurban Qurbanov: Az transfer etməyimizdə büdcəmizin də rolu var
Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi

- Hazırlıq barədə nə deyə bilərsiniz?
- Futbolçularımız müxtəlif yığma komandalara yollandıqlarından, düşərgəmizdə 11-12 futbolçu qalıb. Məşq prosesinə təsir etməmək üçün əvəzedici komandadan da bir neçə oyunçunu əsas heyətin hazırlığına dəvət etmişik.

- Necə fikirləşirsiniz, futbolçular Avropa Liqasının psixoloji gərginliyini və yorğunluğunu üzərindən ata biliblərmi?
- Hər hansı yorğunluq müşahidə edilmir. Ancaq çempionat oyunlarına fərqli hazırlaşmaq lazımdır. Biz hazırlıq zamanı harada isə çempionat oyunlarını düşünməmişdik. Həmin vaxt bütün diqqətimizi Avropa oyunlarına yönəltmişdik. Ona görə də başlanğıc ağır ola bilər. MOİK-lə oyunda əsas heyətin futbolçularına istirahət versək də, çətin qələbə qazandıq. Ümumiyyətlə, Premyer Liqanın oyunları gündən-günə çətinləşir, gərgin keçir. Həm də indiyə qədər çempionat oyunlarına tam heyətlə hazırlaşa bilməmişik.

- “Qarabağ”ın ehtiyatda 2 oyunu var. Liderlər qrupunda yer almaq üçün bu üstünlükdən istifadə edə biləcəksinizmi?
- Bu haqda düşünürük. Komanda bir yerə toplaşdıqdan sonra rəhbərliklə birgə çempionatla bağlı söhbətimiz olacaq. Klub rəhbərliyi qarşımıza hansı məqsədi qoysa, ona nail olmaq üçün çalışacağıq. Əlbəttə, istənilən halda meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq.

- Rəşad Sadıqov “Qarabağ”ın əsas heyət oyunçusu olmaqla yanaşı, həm də komandanın lideri idi. Yəqin ki, onun yeri görünəcək? Onun mövqeyində kimə şans verəcəyinizi dəqiqləşdirmisiniz?
- Bəli, Rəşadın komandadan ayrılması müəyyən qədər çətinlik yaradacaq. O, qabaqcıl oyunçulardan olmaqla yanaşı, həm də lider futbolçu idi. Eyni zamanda artıq heyət oyunçuları bir-birinə öyrəşmişdilər. Heyətin 80 faizi dəqiqləşmişdi. Hər oyunda 1-2 futbolçunu dəyişirdik. Müdafiə xəttindən futbolçunun çıxması harada isə çətinlik yarada bilər. O, oynamadığı vaxtlarda Zaur Həşimova şans vermişik. Zaur da hardasa etimadı doğruldub. Çalışacağıq itkisiz irəliləyək.

- “Transfer pəncərəsi”nin sonuncu günündə Devran Ayhanı heyətinizə qatdınız. Ancaq türkiyəli yarımmüdafiəçi 1 aya yaxın idi “Xəzər Lənkəran” rəhbərliyi tərəfindən transferə çıxarılmışdı. Bu keçidin gec baş tutması nə ilə bağlı idi?
- Transferə çıxarıldığını bilirdik. Az da olsa, bu futbolçu ilə maraqlanırdıq. Rəşadın gedişi bu keçidi daha da sürətləndirdi. Niyəsinə gəldikdə, elə oyun ola bilər ki, Samir Abasovu Rəşadın mövqeyində meydana buraxaq. Bu zaman mərkəzdə boşluq yaranmasın deyə, təcrübəli Ayhanı komandamıza dəvət etdik. Həm də o, Premyer Liqada çıxış edib, çempionatımız və klublarımız haqqında məlumatlıdır. Onun mümkün transferi klubun büdcəsinə uyğun olduğuna görə Rəşadın gedişindən dərhal sonra bu transferi rəsmiləşdirdik.

- Deyəsən, Sadıqovun gedişi sizin üçün gözlənilməz oldu...
- Xeyr. Avrokubok oyunları zamanı bir neçə klubdan təkliflər oldu. O, da hər dəfə sona qədər komandaya kömək etmək istədiyini bildirirdi. Biz “Borussiya” səddini keçsəydik, inanmırdım ki, Rəşad komandadan ayrılsın. Çünki özü avrokubok oyunlarını gözləyirdik. “Eskişehirspor”dan da təklif alanda onlara da eyni cavabı vermişdik. Türkiyə təmsilçisi sona qədər gözlədi və nəhayət, keçid baş tutdu.

- “Qarabağ” avrokuboklarda uğurlu çıxış etsə də, Premyer Liqa oyunlarında bunu nümayiş etdirə bilmir. Əksər hallarda komanda finişə istədiyi pillədə, yəni zirvədə çata bilmir. Sizcə, bu nə ilə bağlıdır?
- Bu halla ötən il üzləşdik. Yəni ötən yay avrokuboklarda oynadıqdan sonra çempionat oyunlarına kökləndik. Sonda üçüncü pilləni tutduq. Ancaq çox çətinliklərlə üzləşdik. Mövsümün gedişində zədələnən futbolçularımız çox oldu, Vaqif komandadan ayrıldı. Bəzən elə oyunlar oldu ki, Rəşad Sadıqovu müdafiəçi kimi deyil, bir qədər öndə meydana buraxdım. Əsas problemimiz heyətlə bağlı olurdu. Həm də avrokubok oyunlarına hazırlıq, köklənmə başqa cür olur. Başqa meydanda çıxış edirsən, atmosfer tam fərqli olur.

- Ötən il mübarizəni pley-off mərhələsində dayandırmağınızda ehtiyat oyunçuların az olmasının da təsiri oldu. “Transfer pəncərəsi” vaxtı yenə ən az transfer edən klub “Qarabağ” oldu. Ehtiyac yoxdur, yoxsa klubun büdcəsi çox transfer etməyə imkan vermir?
- Çalışırıq ki, heyətimizi qoruyub saxlayaq. Digər tərəfdən, az transfer etməyimizdə büdcəmizin də rolu var.

- Ötən il ev oyunlarını Quzanlıda keçirirdiniz. Həmin vaxt ev oyunları zamanı komandanı daha çox azarkeş dəstəkləyirdi. Ancaq bu dəfə rəqiblərinizi paytaxtda qəbul edəcəksiniz. Boş tribunalar qarşısında oynamaq çətin olmayacaq?
- Quzanlıda bizi 2500-ə yaxın azarkeş dəstəkləyirdi. Stadion həmişə dolu olurdu. Onların dəstəyi böyük idi. İndi boş tribunalar qarşısında oynayacağıq. Ancaq öyrəşmişik. Orada meydança ilə bağlı problem yarandığından, Bakıya dönməli olduq. Azarkeş amilinin az da olsa, təsiri olacaq. Boş tribunalar qarşısında oynamışıq. Bunlar hamısı gördüyümüz situasiyalardır.

- 21 yaşadək futbolçulardan ibarət yığmamızın albaniyalı həmyaşıdlarını məğlub etdiyi oyunu izlədiniz. Komanda necə təsir bağışlayırdı?
- Uşaqlar həvəsli idilər. Hiss olunurdu ki, xeyli vaxtdır qələbə qazanmırdılar. Hər şey qaydasında oldu. Qələbəni sona qədər qoruya bildilər.

- Yeri gəlmişkən, Elvin Məmmədovun son vaxtlar “Qarabağ”ın əsas heyətində oynamaması nə ilə bağlıdır?
- Bu adi haldır. Bununla bağlı aramızda mübahisə olmayıb, ola da bilməz. Çalışırıq hər bir futbolçuya şans verək və onun potensialından maksimum yararlanaq. Elvin komandaya yeni gələndə əsas heyətdə oynayırdı. Çünki özünü yaxşı tərəfdən göstərirdi. Ancaq indi bir qədər geriləyib. Üzərində çalışır. Fərdi şəkildə əlavə məşqlər edir. Bu gün “11-lik”də oynamırsa, o demək deyil ki, layiq deyil. Olur ki, hər hansı futbolçu onun mövqeyində daha keyfiyyətli oynayır. Elvin bir qədər də artırmalıdır. Gündən-günə çempionatımız ağırlaşır, çətinləşir. Bu səviyyədə qalmaq azdır. Həm də avrokuboklarda Elvin bir neçə oyunda meydana çıxdı.