“Almaniya yığması 90 dəqiqə bizimlə məşq etdi” - MÜSAHİBƏ
08.09.2010 - 13:45
“Almaniya yığması 90 dəqiqə bizimlə məşq etdi” - MÜSAHİBƏ
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Almaniyaya 1:6 hesabı ilə uduzan Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin apasport.az saytının Kölnə ezam olunan müxbirinə müsahibəsi

- Kamran, Almaniya ilə oyunda nə baş verdi?
- Səmimi danışacağam, deyəcəklər ki, özündən razıdır. Adama “gəda” deyirlər. Oyun başlamamış danışırlar ki, artıq böyük hesabla uduzacağıq. Belə olmaz axı. Futboldur, biz də uda bilərik. Əgər həmişə uduzacağıqsa, buraya nəyə gəlmişik? Milli komanda lazım deyilsə, onda hərə öz klubunda oynasın, vəssalam. Pul qazanmaq lazımdırsa, klubda qazanaq da... Əgər bizlik deyilsə, onda yeniyetmələr gəlsin yığmaya. Oyun göz qabağında oldu. Heç kimi günahlandırmaq olmaz, səviyyəmiz budur.

- Karyeranız ərzində nə vaxtsa bir oyunda 6 qol buraxmısınız?
- Olub. Amma ömrümdə ilk dəfədir belə bardaq futbol gördüm. Almanlar sanki 90 dəqiqə bizimlə məşq etdilər. Sanki məşq idi, stadionu yarıya bölüb oynayırdılar. Meydanın rəqibə aid hissəsinə keçə bilmirdik. Topu tez-tez itirirdik. Ötən il Almaniyaya qarşı daha rahat oynamışdıq.

- Komanda meydana çıxanda artıq böyük hesablı məğlubiyyətlə barışmışdı. Bu fikirlə razısınız?
- Şəxsən mən yox. Mən bura qələbə üçün gəlmişdim. Oyundan 1 gün əvvəl sual verirlər ki, 4:0 hesabı sizin üçün bəsdir... Bu nə deməkdi? Belədirsə, gərək gəlməyək! Komandaya gəlincə, futbolçuların beyninə yeritmişdilər ki, irəli atılmayın.

- Berti Foqts tapşırmışdı?
- Heç bilmək olmur ki, kim tapşırmışdı. Gərək bunlar bizə dərs olsun.

- Buraxılan 6 qolun neçəsi sizin, qalanları komanda yoldaşlarının səhvi ucbatından vuruldu?
- Hamısında günahım var. Qapıçı gərək qol buraxmasın.