“Qardaş, səviyyə fərqi özünü göstərdi” - MÜSAHİBƏ
08.09.2010 - 15:33
“Qardaş, səviyyə fərqi özünü göstərdi” - MÜSAHİBƏ
Azərbaycan yığması Avro-2012-nin seçmə mərhələsində ilk oyununu keçirdi. Milli komandamız Köln şəhərində Almaniya ilə görüşdə ağır məğlubiyyətdən qaça bilmədi. Görüşdən sonra komandamızın futbolçusu Elnur Allahverdiyev apasport.az saytının Kölnə ezam olunan əməkdaşının suallarını cavablandırıb.

- Dayaq yarımmüdafiəçisi mövqeyində narahat görünürdünüz...
- Narahat deyəndə ki, mənə həmin mövqedə oynamağı tapşırmışdılar. Çox pis oynadıq. Belə oyun və nəticə gözləmirdik.

- Özün pis oynadın, yoxsa bütün komanda?
- Həm özüm, həm də komanda. Fikrimcə, 6 top buraxmamalı idik. Birinci hissənin sonlarında 1 dəqiqə ərzində 2 top buraxdıq. Səmimi deyirəm, bu mənə pis təsir etdi. Bir müddət özümə gələ bilməyəcəm. Azərbaycana gedəndə “Xəzər-Lənkəran”ın baş məşqçisi Mirça Rednikdən xahiş edəcəyəm ki, imkan daxilində mənə 1 həftə icazə versin. Yenə deyirəm, hər mənada komandamız pis oynadı.

- Sözlərinizdən belə çıxır ki, nəticə ədalətli deyildi...
- Azərbaycan futbolunda inkişaf var. Amma çoxları 1:6 hesablı məğlub olmağımızdan sonra elə fikirləşəcək ki, inkişaf yoxdur.

- Dediyiniz inkişafla qeydə alınan nəticə nə dərəcədə uzlaşır? Bəyəm, bu hesab biabırçı deyil?
- Biabırçılıq deyəndə ki, Almaniya dünya çempionatında Argentina kimi yığmaya vurduğu 4 cavabsız qolla qalib gəldi. Bilirsiniz, inanmıram ki, Almaniya bundan sonra Argentina ilə 10 dəfə qarşılaşsın və hamısında 4 top vursun. Yəni, futbolda hərdən gözləmədiyin nəticələrlə üzləşirsən. Şəxsən mən, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirə bilmədim.

- Ümumiyyətlə, almanlara qarşı oynamaq çoxmu çətin idi?
- Qardaş, səviyyə fərqi özünü göstərdi. Almanlar dünya çempionatından qayıdıblar, qələbə qazanacaqlarına əmin idilər. Ötən ilki komandadan fərqlənirdi.
0