Almaniyanın regional liqasının futbolçusu yığmamıza qarşı oynamaq istəyir
11.09.2010 - 13:31
Almaniyanın regional liqasının futbolçusu yığmamıza qarşı oynamaq istəyir
Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsində rəqibi olan Qazaxıstan yığması daha bir futbolçunu milliləşdirə bilər. Apasport.az saytının məlumatına görə, Almaniya çempionatının Şimal Regional Liqasında oynayan hücumçu Valdemar Yurets tarixi vətəni olan Qazaxıstanın heyətində oynamaq istəyir.

“Vilhelmsxafen” klubunun heyətində oynayan 24 yaşlı Yurets yığmanın almaniyalı baş məşqçisi Bernd Ştorka təklif edilib. Əslən Karaqanda vilayətindən olan Valdemar 8 yaşında ailəsi ilə birgə Almaniyaya köçüb və bu ölkənin vətəndaşlığını daşıyır. Atası milliyətcə ukraynalı olan Yurets dəvət alarsa, gələn il yığmamıza qarşı meydana çıxa bilər: “Əgər mənə Qazaxıstan yığmasında oynamaq təklifi edilərsə, buna dərhal razı olaram. Ancaq bununla bağlı mənimlə heç kim danışmayıb. Ştorkla Almaniyada görüşməmişəm. O, “Volfsburq”da işləyəndə mən hələ orada yox idim. Qazaxıstan yığmasında özümü hücumda görürəm. Ancaq məşqçim mənə deyir ki, yarımmüdafiədə də yaxşı oynaya bilərəm. Qol vurmağı sevirəm”.

Qeyd edək ki, qazaxlar cari seçmə mərhələnin startında iki rusiyalı futbolçu – Kazbek Geterqiyevlə Aleksey Popovu milliləşdirərək heyətinə cəlb edib.
0