Akif İsmayılov: “Neftçi” - “Muğan” oyununun təxirə salınmasını xahiş etmişik
11.09.2010 - 14:20
Akif İsmayılov: “Neftçi” - “Muğan” oyununun təxirə salınmasını xahiş etmişik
Unibank Premyer Liqasında bu gün startı veriləcək V turun “Neftçi” – “Muğan” oyunu təxirə salınacaq. Oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov apasport.az saytına açıqlamasında saat 20:00-da başlanması nəzərdə tutulan görüşün təxirə salınması ilə bağlı AFFA və PFL-ə rəsmi müraciət etdiyini bildirib. Buna səbəb ötən gecədən Bakıda yağan güclü yağış nəticəsində mərkəzi arenanın qazonunun pis vəziyyətə düşməsidir. V turda isə Respublika stadionunda iki oyun var.

Belə ki, sabah burada “Bakı” - “Gəncə” görüşü keçirilməlidir. İsmayılov hazırkı şəraitdə “Neftçi”-“Muğan” oyununun baş tutmasının mümkünsüzlüyünü bildirir: “Çünki yağışın davam etməsi nəticəsində meydançada su yığılıb. Sabah da stadionda oyun var. Onu da nəzərə alaq ki, gələn ay yığmamız burada Türkiyə millisini qəbul edəcək. İndiki yağışlarda dalbadal iki oyun keçirəndən sonra qazon bərbad hala düşəcək. Ona görə də müvafiq futbol qurumlardan xahiş etmişik ki, “Neftçi”-“Muğan” oyunu başqa günə keçirilsin. İnanıram ki, hava şəraiti nəzərə alınaraq, məsələ müsbət həll olunacaq”.

İsmayılov “Bakı”-“Gəncə” oyununun keçirilməsində isə ciddi problem görmür: “Sabaha hava proqnozunu öyrənmişik. Bizə deyilib ki, güclü yağışlar olmayacaq. Ona görə də əsas bugünkü oyunun təxirə salınmasıdır”.

Peşəkar Futbol Liqasının Texniki-İdman Şöbəsinin rəisi Məlik Həsənov da “Neftçi”-“Muğan” oyununun təxirə salınmasının mümkünlüyünü bildirib: “Hər halda, nəzərə alınmalıdır ki, yığmamız da bu stadionda oynayır. “Şəfa” stadionunda oyunların keçirilməsində isə problem yoxdur. Çünki oranın meydançasının örtüyü sünidir. Bu tur “Turan”-“Qəbələ” görüşünün keçirilməsində də problem olmamalıdır. Bizdə olan məlumata görə, Tovuzda belə güclü yağış yağmır, arena normal vəziyyətdədir. “Neftçi”-“Muğan” oyunu ilə bağlı isə bu gün oyuna az qalmış yekun qərar veriləcək”.

Qeyd edək ki, tura saat 17:00-da “Turan” - “Qəbələ” oyunu ilə start veriləcək. “Şəfa” stadionunda bu gün 19:00-da “İnter” - “Qarabağ”, sabah 18:30-da AZAL - “Simurq” oyunu keçiriləcək. Sabah Bakıda Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilməsi nəzərdə tutulan “Xəzər Lənkəran” - MOİK görüşü də saat 17:00-da başlayacaq.

Mehman SÜLEYMANOV
0