Musa Süleymanov: Öz istəyimlə komandanı buraxıram
12.09.2010 - 10:27
Musa Süleymanov: Öz istəyimlə komandanı buraxıram
“Turan” klubunun prezidenti Musa Süleymanovun apasport.az saytına müsahibəsi

- “Qəbələ” ilə qarşılaşma barədə nə deyə bilərsiniz?
- Hakim ilk yarıda oynamağımıza imkan vermədi. İkinci hissədə də olmayan epizodda yan xətt hakimi bayraq qaldırıb, oyundankənar vəziyyət qeydə alır. Ondan əlavə, cərimə meydançasının daxilində top futbolçunun əlinə deyir, amma penalti vermir. Bu nə deməkdir, bilmirəm. Sifarişlə oyun idarə edirlər... Onu bilirəm ki, artıq futbolla məşğul olmaq istəmirəm.

- Bütün bu dediklərinizi protokolda qeyd edəcəksiniz?
- Əlbəttə. Sözümü hər zaman demişəm, yenə də deyəcəyəm.

- Bu artıq sizin ikinci probleminizdir. Ancaq hələ ki, bir nəticəsi olmayıb...
- Guya ki, keçən dəfə hakim Əfqan Həmzəyev cəzalanıb? Baxıram ki, növbəti oyuna çıxır. Bəlkə mən bilmirəm bu işi, amma bir iş adamı kimi bu sahənin içində olmaq istəmirəm. Çünki belə şeylərdən xoşum gəlmir.

- Konkret olaraq, komandanı buraxmaq istəyirsiniz?
- Bəli.

- Siz getsəniz, yerinizə başqasını qoyacaqsınız?
- Öz istəyimlə komandanı buraxıram. Bu ədalətsizlikləri görüb, futboldan uzaqlaşmaq istəyirəm. Belə olmaz axı. Biz əziyyət çəkirik, oyunçu gətiririk, iş görürük. “İnter”ə uduzduq səsim çıxmadı, “Muğan”la evdə heç-heçə oynadıq dinmədim. AZAL-la və “Qəbələ” ilə oyunda nə baş verdiyini gördük.

- Klub prezidenti kimi, bu barədə AFFA rəsmiləri ilə görüşüb söhbət etmisinizmi?
- AFFA rəsmiləri nə etsin? Burada nə baş verdiyini görmürlər? Əlbəttə fikirlərimi onlara deyəcəyəm. Yəqin hakimi cəzalandıracaqlar. Amma mən hakimin cəzalandırılıb-cəzalandırılmamağından asılı olmayaraq, futboldan uzaqlaşmaq istəyirəm. Çünki yoruluram.

- Qəti qərarınızdır?
- İndi qəti qərarımdır. Ola bilsin ki, hər hansı bir formada cəzalandırılsın, mənim ürəyim sakit olsun bəlkə qayıdım. Başqa cür mümkün deyil. Çünki Əfqan Həmzəyev cəzalanmadı.

- Oyunun sonlarına yaxın azarkeşlər istefa şüarları səsləndirməyə başladılar. Çox güman ki, baş məşqçi Sakit Alıyevin istefasını tələb edirlər...
- Bəli baş məşqçi ilə bağlı problemlərimiz var. Ancaq bu o demək deyil ki, hakim penaltimizi verməməlidir. Sakit müəllim yaxşı oğlandır, yaxşı məşqçidir. Ancaq bəzi çatışmazlıqları var. Bunun üçün də mütəxəssis gətirmişik. Sakitə kömək edir, öz məsləhətlərini verir.

- Əgər komandada qalsanız, Sakit Alıyevlə yola davam edəcəksiniz yoxsa...
- Komandada qalsam, ola bilsin Sakit müəllimi oxumağa göndərərik.

- Deyilənə görə, Sakit Alıyevi Revaz Dzodzuaşvili əvəzləyəcək...
- Xeyr. Sakit tovuzludur və Tovuz futbolunda böyük əməyi var. Bütün tovuzlular onun əməyini yüksək qiymətləndirir.