Arif Əsədov: Biz hələ çempion deyilik, bu yolda mübarizəmizi davam etdiririk
17.09.2010 - 14:54
Arif Əsədov: Biz hələ çempion deyilik, bu yolda mübarizəmizi davam etdiririk
“Növbəti rəqibimiz MOİK-in çempionatda bir neçə oyununu izləmişəm. Ordu klubu “Qəbələ, “Qarabağ”, “İnter”lə görüşlərdə yaxşı təsir bağışladı. Son iki komanda yalnız son dəqiqələrdə vurduğu qolla 1:0 hesablı qələbə qazanmışdı. Ancaq MOİK-i son turda “Xəzər-Lənkəran”da görüşdə tanımadım”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

Unibank Premyer Liqasının liderinin gənc çalışdırıcısı MOİK-lə Tofiq Bəhramov adına Respublika stadionunda sabah keçiriləcək görüşə asan sınaq kimi baxmır: “MOİK-in “Xəzər-Lənkəran”la oyununu izləmişəm. Həmin görüşdə ordu klubu heç özünə bənzəmirdi. Onlar əvvəlki oyunlarda, xüsusilə “Qarabağ”da görüşdə axıra kimi döyüşmüşdülər. Ancaq “Xəzər Lənkəran”la matçda həmin mübarizliyi göstərmədilər və artıq ilk hissədə üç top buraxaraq uduzdular. İstənilən halda bu bizi rahatlaşdırmır. Bir oyun digərinə bənzəmir. Futbolda hər şey ola bilər. Özünüz də görürsünüz ki, çempionatda asan oyun yoxdur. Hər bir rəqiblə olduğu kimi, MOİK-lə də görüşə ciddi hazırlaşırıq. Məqsədimiz növbəti qələbəni qazanıb, liderliyi davam etdirməkdir”.

Əsədov hələ qarşıda çox oyunların olduğunu nəzərə alaraq, onları artıq indidən çempionluq münasibətləri təbrik edənləri tələsməməyi məsləhət bilib: “İnter”, “Muğan” üzərində qələbə qazandığımız oyunlardan sonra çoxları çempion olacağımızı deyərək, təbriklərini çatdırırdılar. Ancaq onu deyə bilərəm ki, biz işimizi görərək, çempionluq yolunda mübarizəmizi davam etdiririk. Biz bütün rəqiblərimizə hörmətlə yanaşır, heç birinə saymazyana yanaşmaq istəmirik”.

Mehman SÜLEYMANOV
0