Berti Foqts: “Vest Hem”in təklifi haqda bir şey söyləməyəcəyəm
20.09.2010 - 10:00
Berti Foqts: “Vest Hem”in təklifi haqda bir şey söyləməyəcəyəm
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts İngiltərənin “Vest Hem” klubundan təklif aldığını təsdiqləyib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis vətənində həmkarlarımıza verdiyi açıqlamada Premyer Liqada çıxış edən London təmsilçisinin onu baş məşqçi postuna gətirməkdə maraqlı olduğunu təkzib etməyib. Ancaq Foqts hazırda bütün diqqəti yığmamıza yönəldib: “İngiltərədən gələn təklifdən xəbərim var. Ancaq indi bu mövzuda bir şey söyləməyəcəyəm”.

Qeyd edək ki, cari mövsümə uğursuz başlayan “Vest Hem” 1 xalla turnir cədvəlinin sonunda qərarlaşıb. Komanda yayda baş məşqçi postuna gətirdiyi israilli mütəxəssis Avraam Qrantın işindən narazı olduğu üçün onu istefaya göndərməyi düşünür. Foqts üçünsə London tanış və uğurlu məkandır. Axı o, 1996-cı ildə Almaniya yığmasının baş məşqçisi kimi Avropa çempionluğunu İngiltərə paytaxtında qazanıb. Amma Böyük Britaniyada Şotlandiya yığmasında (2002-04-cü illər) çalışmış Foqtsun AFFA ilə bağladığı müqavilənin gələn ilin sonunda başa çatacağını nəzərə almaq lazımdır.