Fərid Quliyevin 125 günlük həsrəti bitdi
20.09.2010 - 13:46
Fərid Quliyevin 125 günlük həsrəti bitdi
Unibank Premyer Liqasının VI turu Bakının “Neftçi” klubunun hücumçusu Fərid Quliyev üçün əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, milli komandamızın futbolçusu yeni komandasında qol hesabını açdı.

Fərid MOİK-lə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən səfər oyununda hesabı açmaqla darmadağının əsasını qoydu - 1:0. Bununla da Quliyev 125 günlük həsrətə son qoydu. Axı cari çempionatda qol vura bilməyən ötən mövsümün bombardiri son turda fərqlənmişdi. Maraqlıdır ki, Fərid həmin vaxt da komandasının səfərdə 4:0 hesablı qələbəsində pay sahibi olmuşdu. Söhbət Quliyevin həmin vaxt şərəfini qoruduğu Sumqayıtın “Standard” klubunun Zaqatalada “Simurq”u böyük hesabla məğlub etdiyi görüşdən gedir. Bu il mayın 16-da keçirilən həmin oyunda het-trik edən gənc hücumçu 16 qolla çempionatımızın ən sərrast oyunçusu olmuşdu.

Qeyd edək ki, Fərid “Standard” Premyer Liqanı tərk edərək, birinci diviziona düşəndən sonra “Neftçi”yə keçdi. Ancaq indiki komandasında daha çox ehtiyatda qalan Quliyev start heyətində az hallarda meydana çıxır. “Ağ-qaralar”ın daha çox güvəndiyi hücumçular - belçikalı Emil Mpenza Avropada tanınmış futbolçu, özbək Bahodir Nasimov isə hər oyunda qol vuraraq, 9 topla çempionatımızın bombardiridir.
0