Dieqo Ruiz: Anar Salmanov penaltimizi “oğurladı”
20.09.2010 - 16:26
Dieqo Ruiz: Anar Salmanov penaltimizi “oğurladı”
“Mənim “Muğan”la oyun haqqında danışmağım düzgün çıxmaz. Onsuz da oyun televiziya ilə canlı yayımlanıb, video görüntüləri də var. Oradan hər şey aydın olur”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun futbolçusu Dieqo Ruiz deyib.

Argentinalı hücumçu Unibank Premyer Liqasının VI turunun “Muğan”la qarşılaşmasındakı hakimlikdən narazı qalıb. Cərimə meydançasında yıxıldığı üçün penalti qazanmaq əvəzinə sarı vərəqə alan Ruiz matçın hakimi Anar Salmanovu “oğurluq”da ittiham edib. Çoxları ən böyük mübahisələrə səbəb olan epizodda yerdə qalıb sarı vərəqə ilə cəzalanan futbolçunun rumıniyalı Stelian Stanku olduğunu zənn etsə də, zərərçəkən Ruiz olub: “Məni tanıyanlar çox yaxşı bilir ki, simulyasiya etmək təbiətimə uyğun deyil. Həm də bu epizod hamının gözü qabağında oldu. Mən topu saxlasaydım, qapıçı ilə üzbəüz qalacaqdım. Əlimə belə fürsət düşdüyü halda niyə simulyasiya edib yerə yıxılmalı idim? İndi hakim çox şey iddia edə bilər. Lakin videoyazı var və oradan aydındır ki, o, təmiz penaltimizi verməyib. Eşitdiyimə görə, ötən il komandamızın “Neftçi” ilə qarşılaşmasında da hakim bizə qarşı haqsızlıq edib. Hətta komanda daxilində referinin iki qolu qeydə almamağına “əsrin oğurluğu” adını veriblər. Mən deyərdim ki. bu da penaltimizin oğurlanmasıdır”.

Qeyd edək ki, “Muğan” – “Xəzər Lənkəran” görüşü qolsuz heç-heçə ilə başa çatıb.