Emeka Opara: Mən əllə oynamamışam
20.09.2010 - 17:57
Emeka Opara: Mən əllə oynamamışam
“Mən yalandan necə deyim ki, əllə oynamışam? Axı “Muğan” – “Xəzər Lənkəran” oyunu canlı yayımlanıb. Hamı görüb ki, əllə oynamamışam”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun futbolçusu Emeka Opara deyib.

Nigeriyalı hücumçu Unibank Premyer liqasının VI turunun “Muğan”la oyunundakı hakimliyin ədalətli olmadığını düşünür. O, baş ötürməsi ilə əlverişli mövqeyə çıxardığı Uinston Parksı dayandıran hakim fitinin yersiz olduğunu fikirləşir.

Oparanın sözlərinə görə, FİFA referisi Anar Salmanovun əllə oyuna görə hücumu dayandırması düzgün qərar olmayıb: “Yalandan desəm ki, əllə oynamışam, hamı deyər ki, bu yalançıdır. Uinston Parksın təkbətək çıxdığı epizodda əllə oynamamışdım, başımla ötürmə etmişdim. “Muğan”la görüşdə hakim qərəzi aşkar hiss olunurdu. Biz demirik ki, komandamıza kömək etsin. İstəyimiz odur ki, sadəcə, ədalətli oyun idarə etsin. “Muğan”la matçda isə hakim bizə futbol oynamağa imkan vermədi”.

Qeyd edək ki, “Muğan”la qolsuz heç-heçə bitən görüş Mirça Rednikin baş məşqçi postuna təyinatından sonra “Xəzər Lənkəran”dan xaric olunan Oparanın geri qayıdışından sonra ilk matçı idi.