“Neftçi” “Xəzər Lənkəran”la oyun ərəfəsində bəyanat yaydı
21.09.2010 - 22:27
“Neftçi” “Xəzər Lənkəran”la oyun ərəfəsində bəyanat yaydı
Bakının “Neftçi” klubu bəyanat yayıb. Apasport.azz-ın xəbərinə görə, klubun rəsmi internet saytı ilə yayılan sənəd əsasən Unibank Premyer Liqasının VII turunun “Xəzər Lənkəran”la qarşılaşmasına həsr olunub. Paytaxt təmsilçisinin zəngin tarixi, müstəqillik dönəmində əldə olunan uğurların əks olunduğu bəyanatın əsas hissəsi sentyabrın 25-də Lənkəranda keçiriləcək matçla bağıdır: Premyer Liqanın daha maraqlı alınmasında bir sıra prinsipial matçların da təsiri var. Ancaq şübhəsiz ki, çempionatın bəzəyi, necə deyərlər, "şah əsəri" "Neftçi" və "Xəzər Lənkəran" arasında keçirilən oyunlardır. Bu komandaların görüşü həmişə böyük ajiotaj doğurur, stadionlara on minlərlə azarkeş toplayır. Cari mövsümdə də əzəli rəqiblərin qarşılaşması daha səbirsizliklə gözlənilir.

Bəzi klublar hakim səhvlərindən narazı qalsa da bəyanatda bildirilir ki, “Neftçi” üçün bu amil əhəmiyyət kəsb etmir: Sadıq Sadıqov "Neftçi"nin prezidenti olduqdan flaqmanda müsbətə doğru dəyişikliklər baş verib. Klub rəhbərliyinin mövsümlərarası fasilədə həyata keçirilən uğurlu transfer siyasəti və məqsədyönlü təlim-məşq toplanışları çempionatın elə ilk turlarındaca bəhrəsini verdi. Məhz bunun nəticəsidir ki, "ağ-qaralar" hazırda 16 xalla Premyer Liqanın vahid lideridir. Komandamız meydana çıxdığı 6 görüşdə 14 qol vurmaqla, həm də ən məhsuldar kollektivdir. Bəzən "Neftçi"nin matçlarında hakim səhvləri olsa da, flaqman öz parlaq oyunu ilə bunları ört-basdır edib. Həftəsonu Premyer Liqanın 7-ci turu çərçivəsində "Neftçi"ni qəbul edəcək "Xəzər Lənkəran" da ölkəmizin ən güclü klublarından biridir. Lənkəran təmsilçisi mübarizə apardığı çempionatlarda adətən favorit qismində göstərilir. Bu mövsümün startı "Xəzər Lənkəran" üçün heç də pis başlamayıb. Turnir cədvəlində "Neftçi"dən sonra ən yaxşı nəticəni məhz "Xəzər Lənkəran" göstərib və hazırda 2-ci pillədə qərarlaşıb.

Bəyanatda o da vurğulanır ki, sentyabrın 25-də Lənkəran şəhər stadionunda keçiriləcək "Xəzər Lənkəran" - "Neftçi" matçına bir neçə gün qalsa da, futbol ictimaiyyətinin nümayəndələri, azarkeşlər əsasən bu görüş barədə fikir mübadiləsi aparırlar: Onlar səbirsizliklə bu matçın start fitinin çalınmasını gözləyirlər. Daim Azərbaycan futbolunun inkişafına töhfəsini verən "Neftçi" bu oyuna həssaslıqla yanaşır. Komandamız həmişə olduğu kimi, sentyabrın 25-də "Xəzər Lənkəran"la səfər qarşılaşmasında da idman prinsipləri əsasında mübarizə aparacaq. Flaqman üzvləri meydanda "Fair play" qaydalarını gözləyərək, azarkeşlərin bu matçdan zövq almasına çalışacaq. "Neftçi" olaraq, hər iki komandanın azarkeşlərini sevimli klublarına dəstək verməyə çağırırıq. Ən əsas istəyimiz budur ki, "Xəzər Lənkəran" - "Neftçi" oyununda Azərbaycan futbolu qazansın!

Qeyd edək ki, “Neftçi” 5, “Xəzər Lənkəran” isə 3 ildir ölkə çempionu ola bilmir.
0