Şenes Erzik: Azərbaycanla görüşümüzdə layiqli olan qalib gələr
22.09.2010 - 11:54
Şenes Erzik: Azərbaycanla görüşümüzdə layiqli olan qalib gələr
UEFA-nın vitse-prezidenti Şenes Erzik bu gün Bakıda işə başlayan Avropa Şurasına üzv ölkələrin idman nazirlərinin qeyri-formal 18-ci konfransında iştirak edir. Türkiyəli futbol rəsmisi konfransın fasiləsində keçirdiyi brifinqdə apasport.az saytının da suallarını cavablandırıb.

- Avropa futbol qurumunun rəsmisi kimi konfransla bağlı fikirlərinizi öyrənmək istərdik...
- İki il öncə Yunanıstanın paytaxtı Afinada da analoji tədbir keçirilib. Həmin konfransa qatıla bilməmişdim. Düşünürəm ki, budəfəki konfransda qəbul olunacaq qərarlar əhəmiyyətli olacaq. Ölkələr, hökumətlərin nəzdində dopinqlə mübarizə təşkilatları yaradılır. Amma bu da işimizə yaramır. Futbolçunu 24 saatda nəzarətdə saxlaya bilməzsiniz. Çünki futbol fərdi idman növü deyil. Bir idmançıya nəzarət etmək olar. Amma heyətində ən azı 25 peşəkar futbolçusu olan bütün komandaları düşünüb, onları 24 saat ərzində nəzarətdə saxlamaq üçün bütün şəxsi həyatlarını da ortadan qaldırmaq lazımdır. Bu istiqamətdə çeşidli uzlaşmalar, razılaşmalar əldə olunur.

- 2012-ci ildə Bakıda 17 yaşadək qızlar arasında dünya çempionatı keçiriləcək. Bu yarışdan nə gözləyirsiniz?
- Belə yarışların təşkilatçılıq hüququna yiyələnmək həm UEFA, həm də FİFA üçün çox önəmlidir. Nəticədə gələcəkdə futbol üzrə daha böyük turnirləri almaq üçün daim daha şanslı olarsınız. Yəni müəyyən yerlərdən başlamaq lazımdır. Bildiyiniz kimi, illər öncə Türkiyədə gənclər arasında Avropa çempionatı keçirilib. O vaxtdan kişilər arasında üç Avropa çempionatına namizədliyimizi vermişik. Sonuncu dəfə 2016-cı il qitə çempionatı uğrunda mübarizənin sonundan döndük. Səsvermədə Fransaya 6:7 hesabı ilə uduzduq. Bütün federasiyaların gələcəkdə böyük turnirlər üçün öncədən hazırlıqlar görəcəklərinə inanıram.

- Oktyabrın 12-də Azərbaycan və Türkiyə milli komandaları arasında 2012-ci il Avropa çempionatının seçmə qrup oyunu keçiriləcək. Qarşıdakı görüş haqda nə deyə bilərsiniz?
- Qardaş ölkələr arasında oyun keçiriləcək. Azərbaycan futbolunun son illərdə əldə etdiyi inkişafı lap əvvəldən izləyən və bu yöndə qərar verilməsində köməyi dəyən insan olmaqdan qürur, məmnunluq duyuram. İnşallah, yaxşı oyun alınar və layiqli olan qələbə qazanar.

- Oyunu izləmək üçün Bakıya gələcəksiniz?
- İnşallah, gələcəyəm.

- Futbol oyunları zamanı baş verən qalmaqal olaylarına münasibətiniz necədir? Məsələn, son olaraq Türkiyə Superliqasında “Qaziantepspor” - “Bursaspor” görüşündə azarkeşlərin davranışı üzündən oyun yarımçıq dayandırılıb...
- Bu, çox geniş mövzudur. O mənada ki, olayda bir yox, bir çox ünsür var. Mən fikrimi konkret belə izah edərdim ki, əgər təhlükəsizlik tədbirləri və zorakılığa qarşı qanun layihəsi mümkün qədər tez hazırlanaraq, tribunada suçluluğa səbəb olan şəxs və ya şəxslər tapılaraq üzə çıxarılmadıqca və qanun çərçivəsində cəzalarını görmədikdə, belə hallar davam edəcək. Yəni onlar cəzalandırılmalıdırlar. Düşünə bilərsinizmi ki, küçədə biri digərinin başını yarsın, amma məsuliyyətə cəlb olunmasın və cəzasız qalsın? Bu, mümkün deyil. Amma tribunada eyni hərəkəti edən cəzasız qalır. Bunun qarşısı alınmadıqca, işin sonu gəlməz.

- Bəs belə halların qarşısını sistemli şəkildə necə almaq olar?
- Bunun bir yolu var - müvafiq qanun qəbul olunmalı, təhlükəsizlik əməkdaşları daha diqqətli olmalı, milli federasiyalar bir sıra tədbirlər görməlidir.