Arif Əsədov: Lənkərandan qələbə ilə qayıdacağıq
22.09.2010 - 17:18
Arif Əsədov: Lənkərandan qələbə ilə qayıdacağıq
“Neftçi”nin baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi

- Bahodir Nasimov avqust ayının ən yaxşı futbolçusu seçildi. Bununla bağlı nə deyə bilərsiniz?
- Avqust ayının ən yaxşı futbolçusunun “Neftçi”nin üzvü olması sevindirici haldır. Bu, futbolçular üçün böyük stimuldur. Bahodir həm futbolçu, həm də insan kimi xoş sözlərə layiqdir. Nə qədər belə legionerlərimizin sayı çox olsa, çempionatımızın səviyyəsi də bir o qədər yüksələcək. Arzu edirəm ki, bütün komandalarımıza Bahodir kimi legionerlər cəlb edilsin.

- Futbolçu meydana çıxdığı oyunların hamısında qol vurub və Premyer Liqanın ən məhsuldar futbolçusudur. Onun ümidləri doğrultduğunu söyləmək olarmı?
- Hər şey məşqdən irəli gəlir. Futbolçu necə məşq edirsə, oyunda da o cür çıxış edir. Nasimov məşqlərə çox ciddi yanaşır.

- Həftəsonu komandanızı çətin sınaq gözləyir. “Xəzər Lənkəran”la oyunöncəsi komandada vəziyyət necədir?
- Normaldır. Biz də oyunun ağır keçəcəyini bilirik. Burada əsas psixoloji hazırlıqdır. Məşqçilər korpusu da hər gün onlara necə oyun gözlədiyini başa salmağa çalışırıq. İşimizi bu istiqamətdə qurmuşuq. Səfərdən qələbə ilə qayıdacağıq.

- Turnir cədvəlinə diqqət yetirdikdə, əsas rəqibinizin “Xəzər Lənkəran” olduğunu söyləmək olar?
- Xeyr, “İnter”i də yaddan çıxarmaq olmaz.

- Ancaq “Neftçi”yə ən yaxın olan Lənkəran təmsilçisidir...
- Xal baxımından ən yaxın izləyicimiz “Xəzər Lənkəran”dır. Ancaq çempionluq uğrunda mübarizədə yalnız onların adını çəkmək düzgün olmaz. Bir çox komandalar var ki, onlar da qızıl medallar uğrunda mübarizə aparırlar.

- Şənbə günü baş tutacaq oyunu 6 xallıq mübarizə kimi dəyərləndirmək olarmı?
- Ümumiyyətlə, derbi oyunların hamısı 6 xallıq matçlardır. Çünki qələbə qazandığın halda, həm 3 xal əldə edirsən, həm də rəqibin xal qazanmasına imkan vermirsən.

-.Bu oyunda azarkeş amilini da unutmaq olmaz. Futbolçularınız “Xəzər Lənkəran” azarkeşlərinin təzyiqinə hazırdırlarmı?
- Biz peşəkarıq. Bu işin içindən çıxmışıq. 50 min azarkeşin qarşısında da oynamışıq. Bu, problem deyil. Sadəcə, bizim azarkeşlərlə rəqib fanatlar arasında ajiotaj yaranıb. Biz də bunun idman mübarizəsi müstəvisində davam etməsini istəyirik. Siyasətə keçməsini istəmirik.

- Oyun öncəsi ajiotaj sizi qane edirmi?
- Ajiotajın olması yaxşıdır. Amma kimisə təhqir etmək, söyüş söymək yolverilməzdir.

- Oyunla bağlı proqnoz verə bilərsinizmi?
- Biz qələbə üçün gedirik.

- Yayda heyətə dəvət etdiyiniz futbolçular ümidləri doğruldubmu?
- Ümumi götürdükdə, həm məşqçilər korpusu, həm də klub rəhbərliyi onlardan razıdır. Bəzi futbolçularımız var ki, onların potensialına ümid bəsləyirik.