Kamran Ağayev üç rekordun bir addımlığında
23.09.2010 - 12:33
Kamran Ağayev üç rekordun bir addımlığında
Unibank Premyer Liqasının VII turunun “Neftçi” ilə oyunu “Xəzər Lənkəran”ın kapitanı Kamran Ağayev üçün əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, milli komandamızın əsas qapıçısı sentyabrın 25-də Lənkəranda keçiriləcək görüşdə karyerasının şəxsi rekordunu müəyyənləşdirməlidir. Söhbət Kamranın “quru seriyası”ndan gedir.

Cari çempionatın 6 oyununda qol buraxmayan Ağayev meydanda olduğu 490 dəqiqədə qapısının toxunulmazlığını qoruyub. Bu göstəricinin daha böyük olmasına isə onun AZAL-la “Şəfa” stadionundakı görüşün 40-cı dəqiqəsində zədə üzündən meydanı tərk etməsi mane olub.

İstənilən halda indiki göstərici də hələlik cari mövsümün rekordudur. Əslində Ağayevin ötən mövsümdən qalan “quru dəqiqə”ləri bu göstəricinin böyük olmasına imkan verir. Son çempionatın finişində “Bakı” ilə ev oyununu cəza üzündən buraxan qapıçı bundan əvvəlki görüşdə 2 qola üzülmüşdü. Lakin Kamranın “Qarabağ”la həmin səfər matçında buraxdığı son qol oyunun 35-ci dəqiqəsinə təsadüf etmişdi. Bu isə o deməkdir ki, cari mövsümü 55 dəqiqəlik seriya ilə başlayan 24 yaşlı qapıçı bu rəqəmi artıq 545-ə çatdırıb.

Mayın 9-dan etibarən çempionatda qol buraxmayan “Xəzər Lənkəran”ın kapitanı “Neftçi” ilə görüşdə qapısının toxunulmazlığını 87 dəqiqə qoruya bilsə, şəxsi rekordunu təkrarlamış olacaq. Lakin bu matçı da “quru” keçirməklə seriyasını daha da uzada bilər. 2007/08 mövsümünün də startında inamlı oynayan Ağayev həmin vaxt yalnız VI turda qapısında qol görmüşdü. O, əvvəlki çempionatdan qalan dəqiqələrin sayəsində 632 dəqiqə qapısından top buraxmamışdı. Bu, Kamranın karyerasının ən yaxşı nəticəsidir ki, sentyabrın 25-də “Neftçi” ilə görüşdə bu rekord yenilənməlidir. Çünki qapıçı təkcə şəxsi rekordunu düşünməməli, daha böyük göstəricilərə imza atmalıdır. Ağayev ilk növbədə “Xəzər Lənkəran” rekorduna da iddia etməlidir. Belə ki, onun indiyə qədərki şəxsi rekordu klubunun tarixində 3-cü nəticədir. İndiyədək “Xəzər Lənkəran”ın yalnız 2 qapıçısı daha yaxşı seriyaya imza atıb və hər ikisi əcnəbi olub. Kamran serbiyalı Milorad Koraçın 650 dəqiqəlik seriyasını artıq VIII turda arxada qoya bilər. Təbii ki, bunun üçün əvvəlcə “Neftçi” səddi keçilməlidir.

“Xəzər Lənkəran”ın milli çempionatlar tarixindəki rekordu isə Aleksandr Martyoşkinə məxsusdur. Belaruslu qapıçı 735 dəqiqə qapısını toxunulmaz saxlayıb. Həmin göstərici çempionatlarımız tarixinə 11-ci nəticə kimi düşüb. Həm də Martyoşkin “quru seriya”ları qeydə alan Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısındakı yeganə təmsilçimizdir. O, planetin 253-cü nəticəsinin müəllifidir. Həmin siyahıya ən azı 660 dəqiqə qol buraxmayan qapıçılar düşdüyünü nəzərə alsaq, Kamran VIII tura qədər səbir edib, “quru seriya”sını davam etdirməlidir. Çünki onu İFFHS-in siyahısından 115 dəqiqə ayırır.

Mənbə: lankaranfc.com