Poşkus: Komanda naminə şəxsi ambisiyaları qurban vermək lazım gəlir
23.09.2010 - 13:30
Poşkus: Komanda naminə şəxsi ambisiyaları qurban vermək lazım gəlir
Bakının “İnter” klubunun litvalı hücumçusu Robertas Poşkusun müsahibəsi

- “Qəbələ” ilə oyun hansı təəssüratlarla yadda qaldı?
- Asan olmadı. Birinci hissədə qol vurmağa nail olduq. İkinci hissədə biz əks-hücumlara ümid edərək, hesabı qorumağa çalışdıq. Yaxşı müdafiə olunduq, ev sahiblərinin praktiki olaraq qol vəziyyətləri olmadı və haqlı olaraq uğurlu nəticəni qoruya bildik.

- Altı tur arxada qaldı. Mövsümün başlanğıcını necə qiymətləndirirsiniz?
- Qənaətbəxş hesab etmək olar. Biz yalnız “Neftçi” komandasına məğlub olmuşuq və bunda qorxulu heç nə görmürəm. Əksinə, səfərdə “Xəzər-Lənkəran”a qarşı əla oynadıq. Bundan başqa, demək olar bütün oyunlarda “sıfır” hesabla başa vurmuşuq ki, bu da bizi sevindirməyə bilməz. Bu, ilk növbədə müdafiəmizin gücündən xəbər verir ki, o da müasir futbolda uğurun zəmanəti hesab edilir. Ola bilər ki, o qədər də məhsuldar oynamamışıq, amma keyfiyyətli və sabit nəticə nümayiş etdiririk. Bəzi problemlər bir çox futbolçumuzun həddən artıq zədəli olması və Çempionlar Liqasında iştirak etdiyinə görə komandanın mövsümə çox tez başlaması ilə əlaqədardır.

- İlk turlarda cəmi bir dəfə fərqlənmisiniz. Bu nəticəni yaxşılaşdırmağa ümid edirsiniz?
- Əlbəttə. Hücumçu üçün əsas göstərici qoldur, amma hər halda, komanda tək mənim üçün oynamır. Və komanda naminə şəxsi ambisiyaları qurban vermək lazım gəlir. Ən başlıcası, son turdan sonra kimin birinci yerdə olmasıdır, kimin neçə qol vurması isə ikinci dərəcəli məsələdir.

- “İnter” ötən ilki uğurunu təkrarlaya bilərmi?
- Bunun üçün böyük şansımız var. Biz çempion komanda olaraq titulumuzu qoruyub saxlamaq üçün əlimizdən gələni edəcəyik.

- “İnter”in əsas rəqibləri hansı komandalardır?
- “Xəzər-Lənkəran” yaxşı təsir bağışlayır, “Neftçi” və “Qarabağ” yaxşı çıxış edir. “Bakı”nın böyük potensialı var, ancaq komanda hazırda çətin vəziyyətlə qarşılaşıb. Bununla yanaşı, hesab edirəm ki, onlar mütləq artıracaqlar. Kimisə fərqləndirmək çətindir, axı, biz hələ hamı ilə oynamamışıq. Çox zaman bütün mövsüm ərzində eyni yüksək futbol nümayiş etdirmək çətin olur. Ona görə də hansı komandasa qışda artıracaq, kimsə azaldacaq. Qışda yenidən “transfer pəncərəsi” açılacaq və komandalar güclənə biləcəklər.

Mənbə: inter.az