Andrey Rubin: Komandada hamı bilir ki, qolu mən vurmuşam
23.09.2010 - 17:38
Andrey Rubin: Komandada hamı bilir ki, qolu mən vurmuşam
“Gəncə” ilə oyunda ilk qolumuzu mən vurmuşam. Hər halda, Rəşad Sadiqov qapıya vurduğu zərbə zamanı topa son olaraq mən toxunmuşdum. Ancaq qolun mənim yox, komanda yoldaşımın adına yazıldığını bilmirdim”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun latviyalı futbolçusu Andrey Rubin deyib.

“Gəncə” ilə Unibank Premyer Liqasının II turdan təxirə salınan ev oyununda (3:0) hesabı açan yarımmüdafiəçi bununla da yeni klubunda ilk qolunu bayram edib. Ancaq oyunun protokolunda qolun müəllifi kimi topa ayağı son dəyən yox, zərbəni vuran yığmamızın üzvü Rəşad Sadiqov göstərilib. Rubin buna görə üzülmür: “Hər halda, qol vurduğumuz zaman məni təbrik etdilər. Komandada hamı bilir ki, qolu mən vurmuşam. Əsas da budur. Qolu mənim yox, komanda yoldaşımın vurması böyük fərq etmir. Əsas komandamızın qələbə qazanmasıdır ki, buna da nail olduq. Hesaba görə götürsək, qələbə asan görünür. Ancaq ümumilikdə götürdükdə, hər oyun bizim üçün çətin olur. Çünki rəqiblərimizin hamısı bizimlə görüşə xüsusi köklənir, ikiqat güclə oynayır. Bu da Avroliqada uğurlu çıxışımızla bağlıdır. Buna görə də “Qarabağ” üçün hər oyun asan olmayacaq və ciddi hazırlaşmalıyıq”.

Ölkəmizə 2008-ci ilin ortasında gələn Andrey əvvəl gümüş, ardından qızıl medal qazandığı Bakının “İnter” klubunu bu yay “Qarabağ”a dəyişdi. Yığmasının üzvü olan 32 yaşlı futbolçu hər klubla oynamağın çətin olduğunu bildirib: “Hələ ki lazımınca çıxış etmədiyimizdən indi daha çətindir. Çünki çoxlu xal itirmişik. Komandada atmosferi daha da yaxşılaşdırmaq üçün həmin xalları geri qaytarmalıyıq. Sözsüz ki, hazırda turnir cədvəlində liderlər olan “Neftçi” “Xəzər Lənkəran” əsas rəqiblərimizdir. Ancaq “İnter”, “Bakı”nı da hesabdan silmək olmaz. Ümumiyyətlə, bütün rəqiblərimizi qiymətləndirmək lazımdır. Bunu əminliklə deyə bilərəm. Cibimizə asan 3 xal qoyan oyunun olmayacağı yüz faizdir. Bu da komandaların bizə qarşı böyük motivasiya ilə çıxması ilə bağlıdır. Əlbəttə, həm çempionatda, həm kubokda sona kimi uğurlu çıxış etməyə çalışacağıq”.

Mehman SÜLEYMANOV