“Almaniya ilə oyundakı məğlubiyyətdən sonra dərslərini götürüblər”
23.09.2010 - 22:47
“Almaniya ilə oyundakı məğlubiyyətdən sonra dərslərini götürüblər”
AFFA-nın prezidenti Rövnəq Abdullayev 2009/2010-cu il mövsümünün qaliblərinin mükafatlandırılması mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, qurum başçısı tədbir və Azərbaycan futbolu haqda fikirlərini açıqlayıb.

- Bugünkü tədbir haqda nə düşünürsünüz?
- Ötən mövsüm yüksək yerlər tutan komandalar öz mükafatlarını aldılar. 2009/2010-cu il mövsümü çox gərgin keçdi. Bütün ictimaiyyət hamı maraqlı, gərgin oyunların şahidi oldular. Düşünürəm ki, qaliblər çəkdikləri zəhmətin bəhrəsini aldılar. Artıq 2010/11-ci il mövsümü başlayıb. Arxada qalan turlara əsasən deyə bilərəm ki, Unibank Premyer Liqasının gərginliyi ötən ilkindən də yüksək səviyyədədir. İnanıram ki, bu da futbolumuzun inkişafına böyük bir təkan verəcək. Bizi sevindirən ən əsas məsələ gənc futbolçular yetişməsi, özlərini sübut etmələridir. Həm milli komandada, həm də klublarda olan gənc futbolçularımız artıq parlamağa başlayıblar. Bu da bizi sevindirir. Artıq Azərbaycanda yeni nəsil futbolçular yetişir. Təbii ki, bu da milli komanda üçün seçimi daha da artıracaq. Bir neçə vaxtdan sonra Azərbaycan milli komandası öz sözünü deyə biləcək. Qarşımıza qoyduğumuz Azərbaycanda futbolun kütləviləşməsi proqramına nail olmağa başlayırıq. İnanıram ki, futbolun kütləviləşməsi, futbolsevərlərin stadionlara cəlb olunması daha geniş vüsət alacaq. Klublarımızın avrokubok oyunlarında tribunaların tam dolması və insanların futbola sevgisinin artması bizim təmsilçilərimizin uğurlu çıxış etməsi səbəb idi. Ümid edirəm ki, daxili çempionatımızdakı gərginlik, intriqa insanları stadiona gətirəcək. Bu da futbolun inkişafına öz təsirini göstərəcək.

- Həftəsonu Azərbaycan futbolunun şah oyunu sayılan “Xəzər Lənkəran” – “Neftçi” görüşü olacaq. Hansıkı həmin oyunda tribunalar tam dolur. Bu oyunla bağlı proqnozlarınızı bilmək maraqlı olardı...
- Ən əsası şəffaf, gözəl, fair pley qaydalarını gözləməklə oyun olacaq. Bilirsiniz ki, “Xəzər Lənkəran”ın yüksək səviyyəli azarkeşləri var. Ötən il milli komandamızın Finlandiya ilə oyununu Lənkəranda keçirdik. 2011-ci ildə də bu ənənə davam edəcək. Milli komandamızın Avro-2012-in seçmə mərhələsindəki oyunlarından ən azı birini Lənkəranda keçirməyi düşünürük ki, yerli azarkeşlər yaxşı, maraqlı futbol görsünlər. İnanıram ki, həftəsonu baş tutacaq oyun yüksək səviyyədə keçəcək.

- Oyunu izləmək üçün Lənkərana gedəcəksinizmi?
- Yox, ancaq televiziya vasitəsilə izləyəcəyəm.

- “Xəzər Lənkəran” – “Neftçi” oyunu öncəsi kifayət qədər ajiotaj yaranıb. Bununla əlaqədar olaraq, təhlükəsizlik tədbirləri ilə maraqlanmısınızmı?
- Azərbaycan təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün bizim polislərimiz, daxili qoşunlarımız var. Bilirsiniz ki, bizim bu dövlət qurumları ilə çox yaxşı iş birliyimiz var. Bu oyunla bağlı heç bir problem ola bilməz. İnanmıram ki, belə bir problemlə qarşılaşaq.

- Milli komandamızın qarşıda iki vacib oyunu var. Avstriya və Türkiyə yığmaları ilə qarşılaşacaq. Həmin oyunlardan nə gözləyirsiniz?
- Mənim gözləməyimlə deyil ki? (gülür) Mən qələbə gözləyirəm. Sonuncu, Almaniya ilə oyundakı məğlubiyyətdən sonra dərslərini götürüblər. Baş məşqçimiz, biz, futbolçular çalışırıq ki, nəsə edək.