“Bu biz futbolçuları həvəsləndirir, həm də məsuliyyətimizi daha da artırır”
24.09.2010 - 09:53
“Bu biz futbolçuları həvəsləndirir, həm də məsuliyyətimizi daha da artırır”
“İnşallah gələcəkdə bundan da yaxşı nailiyyətlər əldə edərəm. Sözün açığı, belə bir mükafat alacağımı gözləmirdim”. Bu sözləri aparport.az saytına açıqlamasında Azərbaycan milli komandasının və Bakının “Neftçi” klubunun gənc futbolçusu Araz Abdullayev deyib.

Göstərdiyi oyunla diqqətləri üzərinə çəkən Abdullayev ötən mövsümün ən yaxşı gənc futbolçusu adına layiq görüləcəyini gözləmədiyini bildirib. Sürprizlə qarşılaşdığını vurğulan 18 yaşlı yarımmüdafiəçi gələcəkdə bu cür mükafatlar almaq istədiyini gizlətməyib: “Məni ən yaxşı gənc oyunçu seçdiklərinə görə hamıya çox sağ ol deyirəm. Gələcəkdə bu cür tədbirlərdə iştirak etmək, mükafat almaq istəyirəm”.

Gənc futbolçu aldığı mükafatın məsuliyyətini daha da artırdığını və üzərində daha çox çalışacağını bildirib. Abdullayev seçim imkanı olacağı halda hansı oyunçunu ötən mövsümün ən yaxşı gənc oyunçusu seçəcəyini də açıqlayıb: “Əlbəttə, belə mükafatlar almaq həm biz futbolçuları həvəsləndirir, həm də məsuliyyətimizi daha da artırır. Çünki bütün diqqətlər üzərimizdə olur. Əgər mənim seçim imkanım olsaydı ən yaxşı gənc oyunçu adına Əfran İsmayılov layiq görərdim. Çünki oynadığı futbolla bunu sübut edib”.
0