“Düşünmürəm ki, güclü klubda oynasaydım, daha çox qol vurardım”
24.09.2010 - 12:55
“Düşünmürəm ki, güclü klubda oynasaydım, daha çox qol vurardım”
“Ötən mövsüm çəkdiyim zəhmətin qarşılığını aldım. Düşünmürəm ki, güclü komandada oynasaydım, daha çox qol vurardım. Bu futboldur, mən də hücumçu. Əlimə düşən fürsətlərdən maksimum istifadə etməyə çalışıram”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin və “Neftçi” klubunun hücumçusu Fərid Quliyev deyib.

Ötən mövsüm vurduğu 16 qolla Unibank Premyer Liqasının bombardiri olan gənc hücumçu bu il də eyni uğuru təkrarlamaq niyyətindədir. Mövsümün əvvəlində Unibank Premyer Liqasının tərk edən “Standard”dan ayrılan Quliyev “Neftçi”yə keçdi. O, arxada qalan 6 turda cəmi bir dəfə qol sevinci yaşayıb. Ancaq 24 yaşlı hücumçu özündən çox komandasının uğur qazanmasının tərəfdarı olduğunu düşünür: “Yeni mövsümdən yeni komandanın şərəfini qoruyuram. Məqsədim bu il də ən məhsuldar oyunçu olmaqdır. Neçə qol vuracağımı deyə bilmərəm. Cari çempionatda cəmi bir dəfə rəqib qapılarına yol tapmışam. İnşallah, bunun davamı gələcək. Nə qədər şablon ifadə olsa da, əsas məsələ mənim bombardir yox, komandam “Neftçi”nin uğur qazanmasıdır. Bu da təbii ki, çempionluqdur”.