Ölkə çempionlarının görüşündə 1581 günlük həsrət bitdi
27.09.2010 - 10:05
Ölkə çempionlarının görüşündə 1581 günlük həsrət bitdi
“Gəncə” Azərbaycan milli çempionatları tarixində 4 ildən sonra qələbə qazandı. Apasport.az saytının məlumatına görə, Fuad İsmayılovun baş məşqçisi olduğu komanda güclülər dəstəsinə qayıdandan sonra ilk qələbəsinə (1:0) Unibank Premyer Liqasının son turunda “İnter”lə ev oyununda (1:0) sevinib. Bu, cari mövsümdə transfer edilən hücumçu Samir Zərgərovun 21-ci dəqiqəsində vurduğu qolla reallaşıb.

Qələbənin çəkisi ona görə böyükdür ki, bu, son ölkə çempionu üzərində qazanılıb. Maraqlıdır ki, “Gəncə” də ötən mövsüm birinci divizionun qalibi olub. Göründüyü kimi, çempionların görüşündə aşağı dəstənin qalibi güclü çıxıb.

Gəncəlilər axırıncı qələbəsini güclülər dəstəsində son oyununda qazanmışdı. 2005/06 mövsümündəki həmin görüş Gəncəyə təsadüf etsə də, rəqib fərqli – MOİK olub. 2006-cı ilin mayın 29-da sonuncu - XXVI tur çərçivəsində oyun meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə nəticələnib. Həmin zəfərdən 1581 gün ötür.

Yeri gəlmişkən, “Gəncə”də qol vuran futbolçulardan yalnız Mətləb Məmmədov indi də komandada oynayır. Digər qol vuran Xaliq Mərdanov da hazırda gəncəlilər sırasında olsa da, karyerasını bitirərək, məşqçi işləyir.

Qeyd edək ki, “Gəncə” növbəti çempionatın püşkatmasına qatılsa da, sonradan yarışda iştirakdan imtina etmişdi. Yalnız ötən il fəaliyyətini bərpa edən komanda qatıldığı I divizionun qalibi kimi Premyer Liqaya vəsiqə qazanıb.

Mehman SÜLEYMANOV