Mirça Redniki “Xəzər Lənkəran”dan aparırlar
22.10.2010 - 10:33
Mirça Redniki “Xəzər Lənkəran”dan aparırlar
Mirça Rednik baş məşqçisi olduğu “Xəzər Lənkəran” klubunu tərk etmək istəyir. Apasport.az saytının məlumatına görə, Rumıniya mətbuatı bu ölkənin milli komandasını çalışdırmağa namizəd sayılan 48 yaşlı mütəxəssisin yığmada çalışmaq arzusunda olduğunu iddia edir.

Həmkarlarımız Rednikin “Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimovla görüşə yollanıb, xeyir-dua istədiyini yazıb. Guya mütəxəssis Mənsimova deyib ki, Rumıniya Futbol Federasiyasından onunla əlaqə saxlayıb, baş məşqçi postunu təklif ediblər. Klub rəhbərliyi isə Azərbaycanda uğurla çalışan məşqçini saxlamaq fikrindədir.

Qeyd edək ki, Avro-2012-nin seçmə mərhələsinin son oyununda Fransaya 0:2 uduzan Rumıniya yığmasının baş məşqçisi Razvan Luçeskunun istefası gündəmdə olduğundan, mümkün namizədlər haqda müzakirələr gedir.