Rəşad Sadıqovun komandası Türkiyə kubokuna “əlvida” dedi
28.10.2010 - 08:26
Rəşad Sadıqovun komandası Türkiyə kubokuna “əlvida” dedi
Türkiyə kubokunun pley-off mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu “Əskişəhərspor” klubu aşağı dəstə təmsilçisi “Dənizlispor”la qarşılaşıb. Kuboka iddialı olduğunu açıqlayan, lakin rəqibinə yuxarıdan aşağı baxaraq qarşılaşmaya ikinci heyəti buraxan Bülənt Uyğun bunun acısını çəkib.

Sadıqov da daxil olmaqla aparıcı futbolçularına istirahət verərək oyun praktikası sarıdan korluq çəkənlərə güvənən “Əskişəhərspor” öz meydanında 1:2 hesabı ilə məğlub olub. Hesabı meydan sahiblərinin sabiq futbolçusu Türkiyədə kifayət qədər tanınan Yula açıb. Meydan sahibləri onun qoluna Ümit Karanın qolu ilə cavab versə də Əhməd Cebe qonaqlara qələbə qazandırıb. Bununla da Rəşad debüt edə bilmədiyi ölkə kuboku ilə erkən vidalaşıb, “Dənizlispor” isə qrup mərhələsinə vəsiqə qazanıb.