Petar Zlatinov: Bizim bəraətə ehtiyacımız var idi
28.10.2010 - 08:47
Petar Zlatinov: Bizim bəraətə ehtiyacımız var idi
Bakının “İnter” komandasının pleymeykeri Petar Zlatinov klubun rəsmi saytına müsahibə verib. Apasport.az məlumatına görə, bolqarıstanlı legioner Premyer Liqanın oyunları və çempionluq uğrunda mübarizədə perspektivləri haqqında fikirlərini bildirib.

- Petar, “Bakı” komandasıyla oyun çox vacib idi, “İnter” “AZAL” ilə oyunda böyük hesablı məğlubiyyətdən sonra bəraətə ehtiyacı var idi...
- Bəli, bizim bəraətə ehtiyacımız vardı. Çox vacib oyun oldu, lazımi səviyyədə kökləndik və haqlı olaraq qalib gəldik. Bu tempdə də davam edəcəyik.

- Qarşıdan “İnter”i Zaqatalaya səfər gözləyir. “Simurq” komandası barədə nə deyə bilərsiniz?
- “Simurq” maraqlı, gənc və ambisiyalı futbolçulardan formalaşdırılmış komandadır. Onlar nəyə qadir olduqlarını nümayiş etdirmək iqtidarındadırlar, buna görə də onları qiymətləndirməmək düzgün olmazdı. Bundan əlavə, “Simurq” son oyunda qalib gəlib və yaxşı əhval-ruhiyyədədirlər. Tam gücümüzü ortaya qoyub, yaxşı oyun nümayiş etdirməyə çalışacağıq.

- “İnter”in çempionluq şansını necə qiymətləndirirsiniz?
- Şansımız heç də pis deyil. Hazırda biz 3-cü yerdəyik və yuxarıda gedən komandalardan cəmi 2-4 xal arxadayıq. Rəqiblərimizin istənilən büdrəməsi bizim onları üstələməyimizə gətirib çıxara bilər. Mövsümün başa çatmasına çox var və biz sonadək mübarizə aparmalıyıq. Xatırlayırsınızsa, son mövsümdə biz axırıncı turda çempion olduq. Bu, sübut edir ki, sonadadək mübarizə aparmalıyıq!

- Oyunların əksəriyyətində “İnter” minimal hesabla qalib gəlib. Komandanın belə yüksək olmayan nəticə göstərməsi nə ilə bağlıdır?
- Biz qol vəziyyətləri yaradırıq, lakin onları yerinə yetirə bilmirik. Amma hər halda 1:0 hesablı qələbəyə də, 5:0 hesablı qələbəyə də eyni xal verilir. Ona görə də, vurulan qollar vacib deyil. Bizim həmişə qalib gəlməyimiz əsasdır. Qol vəziyyətlərinin realizəsi üzərində işləyəcəyik.

- “Bakı” ilə oyun ərəfəsində sacını dibindən kəsdirmişdiz. Bu, onunla bağlıdır ki, bu mövsüm fərqlənə bilməmisiz? Bəlkə bununla uğursuzluğu uzaqlaşdırmaq istəyirsiz?
- Yox (gülür). Bu, tamamilə belə deyil. Sadəcə, sacımı kəsdirdim.