Parlament seçkilərindən derbiyə zərbə
28.10.2010 - 14:45
Parlament seçkilərindən derbiyə zərbə
Hamının səbirsizliklə gözlədiyi İspaniya çempionatının “Barselona” – “Real” oyununun nə vaxt keçirilməsi sual altına düşüb. Apasport.az saytının məlumatına görə, dünya futbolunun ən dəyərli derbi matçlarından olan bu qarşılaşmanın baş tutmasına parlament seçkiləri mane olur.

Belə ki, noyabrın 28-də Barselonada baş tutmalı olan görüş Kataloniya parlamentinə seçkilərlə eyni günə düşür. Şəhər rəhbərliyi təhlükəsizliyi əsas gətirərək seçki günü belə görüşün keçirilməsini düzgün hesab etmir. Klublar isə oyunun tarixi ilə bağlı razılığa gələ bilmirlər.

Meydan sahibləri matçın bir gün sonraya keçirilməyinin tərəfdarıdır. “Real” rəhbərliyi isə belə bir matçın bazar ertəsinə salınmasını absurd hesab edir. Madridlilər ya 27-də, ya da elə 28-də oynamaqda israrlıdır. Noyabrın 24-də, rəqibindən 1 gün sonra Çempionlar Liqasında meydana çıxacaq kataloniyalılara da bu sərf etmir.